Anspress-in məlumatına görə, bu barədə Ermənistan xarici siyasət idarəsinin mətbuat katibi Tiqran Balayan bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ləğv olunub. Balayan iyunun 2-də Nalbəndyanın Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırdığını qeyd edib.
\”Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həlli ilə əlaqədar hərtərəfli və substantiv danışıqlar prosesinə hazırdır\”. Bunu ANS PRESS-ə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın son görüşü may ayının 16-da Avstriyanın paytaxtı Vyanada olub.
Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutub. ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro görüşdə iştirak edib.
Daha sonra Sergey Lavrov prezidentlərin görüşü ilə bağlı açıqlama verib. O bildirib ki, danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər. Toplantının sonunda ATƏT-in Minsk qrupu bəyanatla çıxış edib. Sənəddə deyilir ki, prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər.
Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud rəhbərliyinin səlahiyyətlərini genişləndirməsi barədə razılığa gəliblər.
İnterpress.az