Bakı \”Formula 1\” yarışlarına hazırlığın son mərhələsinə başlayır. Bakı Nəqliyyat Agentliyindən İnterpress.az-a verilən məlumata görə, hazırda Bakı Şəhər Halqası boyunca təhlükəsizlik baryerləri ilə yanaşı trek ətrafında əvvəlcədən müəyyənləşdirilmiş yerlərdə tribunalar quraşdırılmaqdadır.
Sonuncu tribunanın – Azneft dairəsi üzərində inşa olunacaq eyniadlı tribunanın quraşdırılmasına bu gündən etibarən start veriləcək. Bu səbəbdən iyunun 1-dən 2-ə keçən gecə, saat 01:00-da Neftçilər prospektinin Azneft dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Azneft tribunası eyniadlı dairənin üzərində inşa olunacağına görə, az aralıda, yenə Niyazi küçəsi ilə Neftçilər prospektinin kəsişməsində müvəqqəti əvəzedici dairə quraşdırılacaq. Mövcud dairə üzərində Azneft tribunasının quraşdırılması səbəbindən Neftçilər prospekti Bayıl qəsəbəsi tərəfindən gələn nəqliyyat vasitələri üçün 13 metr genişliyədək daraldılacaq və burada nəqliyyatın hərəkəti hər iki istiqamətdə tam təmin olunacaq. Sözügedən məhdudiyyətin 26 iyun tarixində aradan qaldırılması nəzərdə tutulub.
14-21 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti dayandırılacaq. Yalnız əvvəlcədən təyin olunmuş zonalara giriş icazəsini göstərən müvafiq nişana sahib nəqliyyat vasitələrinin bu zonalara girişinə ancaq gecə saatlarında (saat 00:00-dan 06:00-dək) icazə veriləcək.
17-19 iyun tarixlərində Bakıda keçiriləcək yarışda dünyanın ən güclü pilotları qalib adı uğrunda mübarizə aparacaqlar. Yarışları izləmək üçün biletlər fevral ayının 19-dan satışa çıxarılıb. Biletləri Bakı Şəhər Halqasının rəsmi saytındanəldə etmək olar.
İnterpress.az