Daxili İşlər Nazirliyi (DİN), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu olayla bağlı rəsmi açıqlama versələr də, cəmiyyətdəki müzakirələr səngimək bilmir. Böyük ajiotaja səbəb olan hadisəilə bağlı əksəriyyət “çörək oğruları”na haqq qazandıraraq, onların əlinə qandal taxan polisləri günahlandrır.
Məsələ ilə bağlı hadisənin baş verdiyi Biləsuvar rayonu Bəydili kənd icra nümayəndəliyinin sədri Adil Cəfərov da Modern.az saytına açıqlama verib. O deyib ki, hadisəyə səbəb həmin yeniyetmələrin aclığı və çörəksiz qalmaları deyil:
“O uşaqlardan biri bizim kəndin sakini, 16 yaşlı Fərid Mirzəyev Əliağa oğludur. Cəlilabaddan olan ikinci oğru isə onun 15 yaşlı dayısı oğludur. Fərid Mirzəyevin atası çoxdan vəfat edib, anası isə narahat, əsəbi, aqressiv, xəstə qadındır. Bunlar valideyn himayəsindən, valideyn diqqətindən, təlim-tərbiyədən kənarda qalıan özbaşına uşaqlardır. Bizim kəndin sakini olan Fərid internat məktəbində oxuyur. Gündəlik dərslərə gedir, günorta saat 2-3-də evə qayıdır. Cəlilabaddan Bəydiliyə qonaq gələn dayısı oğlu onu yoldan çıxarıb və birlikdə bu oğurluğu ediblər. 2 gün həbsdə qaldıqdan sonra buraxılıblar. Fərid Mirzəyev anasının himayəsinə verilib”.
A.Cəfərov deyib ki, Fərid Mirzəyevin ailəsi heç də çörək oğurlayacaq qədər kasıb durumda deyil:
“Ailədə 3 nəfərdilər: ana, oğul və 17 yaşlı bir qız övladı. Fəridin anası özünə görə 146 manat, ailə başçısını itirdiyinə görə də 245 manat da pensiya alır. Aylıq 411 manat gəliri olan ailə haqqında “çörəkləri yoxdur”, “acından ölürlər” fikirləri doğru deyil. Özlərinin evi, geniş həyətləri var”.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Cəlilabad və Biləsuvar rayonlarında yaşayan 15 və 16 yaşlı iki yeniyetmə qabaqcadan cinayət əlaqəsinə girərək, cari il aprelin 21-dən 22-nə keçən gecə Biləsuvarın Bəydili kəndində yaşayan Zemfira Xanışovaya məxsus ərzaq mağazasına tavandan daxil olub və oradan təqribən 782 manat dəyərində müxtəlif ərzaq məhsulları oğurlayıblar.
İnterpress.az