Elçin Şıxlıdan generala sərt cavab: “Qələt edir”backend

Elçin Şıxlıdan generala sərt cavab: “Qələt edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KQB generalının fikirləri ən çox qələm əhli arasında narazılıq doğurub.

Oleq Kalugin KQB-nin idarə rəisinin birinci müavini olanda arxivə baxmaq imkanlarının olduğunu, bundan sonra bu qənaətə gəldiyini söyləyib. Sabiq sovet kəşfiyyatçısı əlində konkret siyahıların olduğunu da deyib.

Mərhum xalq yazıçısı İsmayıl Şıxlının oğlu, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı KQB generalının ittihamlarına sərt şəkildə cavab verib: “Bilmirəm o şəxsin əlində hansı sənədlər var. Amma bir yazıçı övladı kimi bu fikirlərin doğru olmadığını deyə bilərəm. Mənim aləmimdə bu şəxs qələt edir. Qələt etmək səhv deməkdir. Söhbət burada ondan gedir ki, tək Moskvada deyil, SSRİ-yə daxil olan respublikaların yazıçılar ittifaqlarında dəqiq bilirəm, katiblərdən biri daim KQB-nin adamı olurdu. Yəni o şəxs seçilmirdi, sadəcə təyin olunurdu. Adını seçilmiş kimi qoyurdular. Bizim respublikalarda katib olmasa da, hansısa bir şöbə müdiri KQB-dən olurdu. SSRİ sistemində strukturlarda təmsil olunan rəhbərlərdən biri KQB-yə işləməsəydi, bu, mümkünsüz olardı. Bu, norma idi. Buna görə də, düşünürəm ki, 90 faiz yazıçının KQB-yə işləməsinə ehtiyac yox idi. Rəsmi nümayəndə var idi və bütün informasiyaları ötürürdü. Heç kimin yerinə danışa bilmərəm. Amma qeyd edim ki, bu tipli şəxslərin çoxu bəyanat xatirinə bəyanat verirlər. O şəxsin əlində sənədlər varsa, ortaya çıxarsın. Yoxdursa, boş-boş danışmağın mənası yoxdur. Ola bilər ki, onun tanıdıqları KQB-yə çalışıblar və çuğulçular olublar. Bu baxımdan ona elə gəlib ki, hamı KQB agentidir”.

E.Şıxlı yazıda KQB-nin ali missiya yerinə yetirməsi ilə bağlı da fikirlərə toxundu: “Gic-gic söhbətlərdir. Hansı ali missiyadan söhbət gedir? Missiya nə ola bilərdi? Onun ali missiya kimi təqdim etdiyi yalnız çuğulçuluq ola bilərdi. Bundan artıq missiya ola bilməz. Ölkənin təhlükəsizliyini qorumaq missiyası olan qurum çevrilib olurdu çuğulçu orqan. Onların ali missiyası bundan ibarətdir. Departamentləri var idi, kəşfiyyat və əks-kəşfiyyat. Orada peşəkar şəxslər təmsil olunurdu. Amma nəzərə alaq ki, peşəkarlar hər yerdə bir ovuc olurlar. 5 nəfər peşəkar idisə, 95 nəfər ortada yeyib, qıraqda gəzənlər olurdular. Təəssüf ki, indinin özündə də belədir”.

Elçin Şıxlı Oleq Kalugini tanımadığını deyib: “Açığı, onu tanımadığım üçün barəsində heç nə deyə bilmərəm. Kin məsələsi özəl şeylərdir. Şəxsi ünsiyyətdən irəli gəlir. Ola bilər ki, kimsə KQB-yə işləsin və onun xətrinə dəysin. Amma şəxsiyyəti olan adamlar kinlə yaşamırlar. Sadəcə, başlarını aşağı salıb, işləri ilə məşğuldurlar. Elə strukturlarda çalışanlar peşəkardırlarsa, belə boş-boş bəyanatlar vermir, 50 ildən sonra memuar yazmırlar. Təsəvvür edin ki, bu orqanda minlərlə şəxs çalışıb, amma onlardan 1-2 ikisi sonralar kitab yazır. Onu tanısam, deyə bilərdim ki, kinli şəxsdir, ona görə belə fikirlər deyir. Yaxud tanıyıb deyə bilərdim ki, çox alicənab şəxsdir. Amma bütün yazıçıları da müdafiə etmirəm. Təbii ki, 90 faizin 10 faizi nisbətində olmayıb. Əksi olub. Bundan başqa olması da mümkün deyil”. ( musavat.com )

İnterpress.az