Azərbaycanlı tələbələr yataqxanadan qovuldubackend

Azərbaycanlı tələbələr yataqxanadan qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az-a daxil olan məlumata görə, Maykop Dövlət Texnologiya Universitetində təhsil alan azərbaycanlı 4 tələbə – Babanov Rüfət, Elmin Məmmədli, Alıyev Telman və Qorqud Ədliyev yataqxanadan qovulub. Tələbələrin qaldıqları yerdən çıxarılmasına səbəb isə yataqxanada çalışan nəzarətçi olub. Belə ki, əri erməni olan Romanova Nataliya Platonovna adlı qadın aprel döyüşlərindən sonra yataqxanada qalan azərbaycanlılara qarşı hücuma keçib. Xanım nəzarətçi tələbələri şərləyərək yataqxanadan çıxarılmasına nail olub.

Sözügedən tələbələr faktı AzNews.az-a təsdiqləyiblər. Bildiriblər ki, həmin nəzarətçi azərbaycanlıları bezdirərək oradan özxoşlarına çıxaması üçün hər yola əl atıb: “Burada tərbiyəçi deyilən qadın var. Gəldiyimiz gündən bizə qarşı pis rəftar edirdi. Həmin qadının əri ermənidir. Aprel döyüşlərindən sonra bizə qarşı rəftarı daha da pisləşdi. İstədiyi vaxt otağımıza gəlib qışqırır, bizə psixoloji təsir göstərməyə çalışırdı. Bu ərəfədə yataqxananın mühafizəçisi dəyişdi, erməni əsilli biri oldu. Bizi görməyə gözü yox idi. Bunlar ikisi birləşib bizi – azərbaycanlı tələbələri sıxışdırmağa başladı”.

Soydaşlarımız bildirir ki, nəzarətçi onları bezdirərək yataqxanadan çıxarmaq üçün hətta universitet rəhbərliyinə şikayət də yazıb: “15 gün əvvəl bizdən şikayət yazıblar ki, guya otağı çirkli saxlayırıq. Əslində isə otağımız normal təmizlikdədir. Bizi çağırdılar, getdik, yazılanların doğru olmadığını dedik. Lakin cavabımız belə oldu: artıq sizdən şikayət var və biz yazılana inanırıq. Sabahı gün isə erməni nəzarətçi başqa bir şikayətlə rəhbərliyə gedib. Bildirib ki, guya biz gecə səsgücləndiricilərlə mahnı qoşub oynamışıq. Halbuki bizim otaqda heç maqnitofon da yoxdur. Biz də bütün bunlara dözməyib, otağımızın qapısına yazdıq ki, nəzarətçi bir də bura girməsin. Bizim bu hərəkətimizdən həmin qadın lap əsəbiləşdi. Bir dənə də şikayət yazdı ki, guya gecə 4-də koridorda gəzib “mühafizəçi, mühafizəçi” deyə qışqırmışıq”.

Universitet rəhbərliyi haqlarında ard-arda 3 dəfə şikayət olunan azərbaycanlı tələbələrin yataqxanadan çıxarılmasıyla bağlı qərar verib: “Nə qədər dedik ki, gedək otağımıza baxın, orada təhlükəsizlik kameraları var, görüntülərə baxın, bizə məhəl qoymadılar. Yataqxanadan qovulmağımız haqda qərar çıxarıldığını dedilər və kağıza imza atmağımızı tələb etdilər. Lakin biz imza atsaydıq, həmin gün yataqxananı tərk etməli idik. Ona görə imza atmadan otağımıza qayıtdıq. Çünki gedib qalacaq yerimiz yox idi. Həmin gecəni orada qaldıq. Səhər isə bir nəfər gəldi və axşam 9-a kimi yataqxananı tərk etməli olduğumuzu, əks halda polis çağıracaqlarını, bizi eyvandan atacaqlarını dedi”.

Erməni mühafizəçiylə əri erməni olan nəzarətçinin birləşərək sıxışdırdıqları həmyerlilərimiz universitetdən qovulma təhlükəsi səbəbiylə yataqxanadan çıxıb: “Haqqımızda bir şikayət də olsaydı universitetdən qovulacaqdıq. Orada azərbaycanlı tanışımız var idi, getdik onun evində qaldıq. Lakin nə qədər burada qala bilərik ki? Tələbə üçün kirayə ev tutub qalmaq maddi cəhətdən çətinlik yaradır. Nə edəcəyimizi bilmirik”.

AzNews.az məsələ ilə bağlı Azərbaycanın Rusiyanın Maykop şəhərindəki diaspora nümayəndələriylə əlaqə saxlayıb. Onlar bildiriblər ki, bu ermənilərin Maykopda təhsil alan azərbaycanlı tələbələrə qarşı ilk hücumu deyil: “Ümumiyyətlə ermənilər burada təhsil alan həmyerlilərimizə qarşı çox aqressivdirlər. İstər təhsil müəssisələrində, istərsə də digər yerlərdə imkan deşən kimi soydaşlarımıza qarşı təxribatlar törədirlər”.

İnterpress.az