Füzuli rayonunda icra başçısı Alı Alıyevin nəfsi üzündən ara qarışıb.
Bu dəfəki qalmaqal hətta İcra Hakimiyyətinin binasına qədər gedib çıxıb. Tərəflər isə icra başçısıyla səhiyyə şöbəsinin müdiri olub.
Məlumatda deyilir ki, Alı Alıyev Füzuli rayon səhiyyə şöbəsinin keçmiş müdirindən pul alaraq, onu vəzifəsində saxlayacağını vəd edibmiş. Lakin bu anlaşmadan sonra səhiyyə şöbəsinin müdiri qəfil yıxılaraq, qolunu qırır. Bir neçə gün işə çıxa bilməyən baş həkim müalicə aldığı vaxt, Alı Alıyev onu işdən çıxarır. Bu azmış kimi, özünün xoşagəlməz əməlinə haqq qazandırmaq istəyən icra başçısı iclas çağıraraq, baş həkimin yıxılaraq qolunu qırdığını, digər qolunun isə paralic olduğunu deyib. Ardından da baş həkimin ürəyində də problem olduğunu bildirib. Və bildirib ki, bəs, bu vəziyyətdə o işləyə bilməz.
Politika.Az xəbər verir ki, Alıyevin belə bir addım atmasının səbəbi isə başqa birinə həmin postu vəd etməsi olub. Belə ki, Alı Alıyev dərhal həmin vəzifəyə Natiq adlı həkimi rəhbər təyin edib. O, Natiqi ki, bu vəzifə üçün çoxdan pusquda dayanmışdı. Üstəlik, yanvar iğtişaşlarının ən aktiv iştirakçılarından biri sayılırdı.
Böyük Bəhmənli kəndindən olan Natiq bu vəzifəyə qədər rayonda ad çıxarıb. Belə ki, o, bir zamanlar saxta sənədlər düzəldərək, ayrız-ayrı şəxslərin adına xəstəlik kağızı açaraq, onları pensiyaya çıxarmaqla məşğul olurmuş.
İşin ən ilginc tərəfi odur ki, Natiq həkim uzunmüddətdir Füzulidə səhiyyə sahəsində çalışmasına baxmayaraq, onun hansı xəstəlik üzrə mütəxəssis olduğunu bilən yoxdur. Elə bu səbəbdəndir ki, rayon camaatının ondan qətiyyən xoşu gəlmir. Hətta özünün doğulduğu Böyük Bəhmənli kənd camaatı da Natiq həkimdən zəhləsi gedir. Bircə Alı Alıyevdən başqa.
Elə mərəkə də bundan sonra başlayıb. İlk olaraq Səhiyyə Nazirliyi icra başçısına etirazını bildirib. Ona görə ki, bir həkimin ərizəsi alınmadan onun yerinə başqasını təyin etmək qanunvericliyə ziddir. Amma Alı Alıyev bunu belə əsaslandırıb ki, Füzuli cəbhə xəttində yerləşdiyindən baş həkimsiz işləmək mümkün deyil.
Amma əsl mərəkə İcra Hakimiyyətində yaşanıb. Politika.Az-ın əldə etdiyi məlumata görə, səhiyyə şöbəsinin keçmiş baş həkimi ayağa duraraq, İcra Hakimiyyətinə gəlib və icra başçısı Alı Alıyevlə görüşüb. Keçmiş baş həkim icra başçısına bu artistliyi niyə etdiyinin səbəblərini soruşub, cavab da ala bilməyib. Ardından isə verdiyi pulların geri ödənilməsini tələb edib. Alı Alıyev isə həmin pulu verə bilməyəcəyini dedikdə mübahisə başlayıb. Otağa köməkçi və müavinlərin girməsindən sonra ortalıq sakitləşdirilib. Amma səhiyyə şöbəsinin sabiq rəhbəri icra başçısına xəbərdarlıq edib ki, əgər pulları geri verməsə, bütün işlərinin üzərini açacaq.(politika.az)
Qarşı tərəfi də dinləməyə hazırıq.
İnterpress.az