\”Baku Medical Plaza\” klinikasında 1 iyun tarixində saat 7-də paytaxt sakini İrina Makarova qeysəriyyə əməliyyatı keçirib.
Əməliyyatı Öndər Tülumbacı keçirib.
Qeyd edək ki, Öndər həkim \”HB Güven Klinikası\”nda çalışır. Əməliyyat təxminən 5 saat davam edib. Bu müddət ərzində İrinanın əməliyyatı və onun vəziyyəti barədə heç bir məlumat verilməyib. Şok təfərrüatlar əməliyyatdan sonra məlum olub. Həkim düzgün əməliyyatı aparmadığını anladıqdan sonra klinikadan qaçıb. Daha sonra məlum olub ki, həkim əməliyyat zamanı cərrah bıçağıyla əkiz körpələrdən birinə toxunub. Uşağın üzərindəki kəsiyin uzunluğu 2 sm, dərinliyi isə 0,3 sm olub. Bu kəsik uşağın həyatı üçün ciddi risk təşkil edir. İrina Makarova əməliyyat zamanı çox qan itirib. Üç gün ərzində yaxınları və qohumları ona qan veriblər. Ancaq buna baxmayaraq qadında daxili qanaxma dayanmayıb.
Əməliyyatdan iki gün sonra İrina gözlərini açıb. Qohumları ümid edirdilər ki, ən pis hadisə geridə qalıb. Amma qadının vəziyyəti sonradan yenə pisləşib. İrina uğursuz əməliyyata görə yumurtalıq və uşaqlığını itirib. Ola bilsin ki, İrinaya dördüncü dəfə əməliyyata girmək lazım gələcək. Ginekoloq Öndər hadisədən sonra gizlənib. Baku.ws hadisə ilə bağlı məlumat əldə etmək üçün \”Baku Medical Plaza\” klinikası ilə əlaqə saxlayıb. Klinikadan bildirilib ki, sözügedən əməliyyatla bağlı klinika heç bir məsuliyyət daşımır.
Həkimin \”HB Güven Klinika\”sından sifariş əsasında gəldiyi və klinikada əməliyyatı həyata keçirdiyi bildirilib. Nəticə etibarı ilə klinika yaranmış vəziyyətdə özünü günahkar görmür. Səhiyyə Nazirliyi ilə də əlaqə saxlayaraq məsələyə münasibət öyrənməyə çalışdıq. Qurumdan bildirilib ki, faktla bağlı nazirliyə hər hansı şikayət daxil olmayıb. Nazirlikdən əmin edirlər ki, əgər şikayət daxil olarsa, faktla bağlı araşdırmalara başlanılacaq.(baku.ws)
İnterpress.az