Ölüm işini boynuna götürməsi üçün elə işgəncə verdilər ki…backend

Ölüm işini boynuna götürməsi üçün elə işgəncə verdilər ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayon sakini Təranə Xanalizadə oğlu Tural İsmayılovun polis tərəfindən saxlanılması ilə bağlı “Cümhuriyət” qəzetinə müraciət edib. Onun sözlərinə görə, Tural İsmayılov Nərimanov rayon Polis İdarəsi tərəfindən 57 yaşlı Rufiz Mirzəyevin qətlində şübhəli şəxs kimi ittiham edilir. Belə ki, aprel ayının 17-də Rufiz Mirzəyev Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində naməlum şəxslər tərəfindən bıçaqlanaraq öldürülüb.

Onun bədənində kəsilmiş-deşilmiş bıçaq yaraları aşkar edilib. Hadisə baş verən axşam Tural İsmayılov səfil həyatı sürən Rufiz Mirzəyevin ölümündə təqsirləndirilən şəxs qismində saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə aparılıb. Təranə Xanalizadənin dediyinə görə, oğlunun bu cinayət hadisəsində heç bir iştirakı olmayıb. Hətta Tural İsmayılov həmin gün qardaşı Bəhruz İsmayılovun toy məclisində olub. Toy başa çatdıqdan sonra isə gecə yarıya qədər bu sevincli günü ailəsi ilə birgə qeyd edib. Şikayətçi qeyd edir ki, Polis Bölməsində Tural İsmayılova “bomj”un ölümünü boynuna götürməsi üçün olmazın işgəncələr verilib: “Aprelin 21-i evə zəng gəldi ki, Tural tutulub. Həmin gün Nərimanov rayon Polis Şöbəsinə getdik. Oradan bizə bildirdilər ki, şübhəli şəxs kimi saxlanılır, bir azdan buraxılacaq.

“Oğlum pəncərədən qışqırdı ki, məni burda öldürürlər”

Gecə saat 02:00 radələrinə qədər bölmədə gözlədik. Sonradan oğlumun otaqlardan birinin pəncərəsindən qışqırıq səsini eşitdik. Oğlum “mənə burada işgəncə verirlər ki, qətli boynuma alım. Kömək edin, məni burada öldürürlər” deyə qışqırırdı. Bizi isə orada əmin etdilər ki, heç nə yoxdur, işi araşdırırıq. O günü evə getdik. Səhəri gələndə gördüyüm mənzərəyə inanmadım. Oğlumu polis əməkdaşları ayaqyoluna aparırdılar. Üzü-gözü şişmiş, halsız, ayaqları yer tutmurdu. Sən demə, Polis Şöbəsinin rəis müavini Nəzər Əsgərovun rəhbərliyi altında Turala səhərə qədər olmazın işgəncələr verilib. Bədəninə elektrik cərəyanı veriblər, üzünü-gözünə ağır zərbələr endiriblər. Vəhşicəsinə elə döyülüb ki, huşu başında deyildi. Necə vurublarsa, gözü çıxmışdı. İndi isə gözü zəif görmür. Tural iki dəfə gözündən əməliyyat olunub. Anadangəlmə problemi var.

Ölüm işini boynuna götürməsi üçün elə işgəncə verdilər ki...

Bundan əlavə o qədər döyülüb ki, onu sürüyə-sürüyə aparırdılar. Belə də qansızlıq olar? Oğlumun “bomj”u öldürməyinə nə marağı ola bilər? Mən əziyyətlə oğul böyütmüşəm ki, üstünə böhtan atılsın və ömrünü təcridxanada çürütsün? Ölən şəxsin necə və kimlər tərəfindən öldürüldüyünü bilmirəm. Məhləmizdə bir neçə “bomj” şəxs var ki, orada içib yatırlar, bir sözlə, səfil həyatı sürürlər. Amma biz onları tanımırıq, yəni əlaqəmiz yoxdur. Oğlumun əvvəl də üzərində dələduzluq barədə cinayət əməli olub, 6 ay həbsdə yatıb. Ona görə də, oğlumu gunahkar bilirlər”.

“Bölmədən dedilər ki, oğlun özü-özünü bu hala salıb”

Şikayətçinin sözlərinə görə, oğlu şərlənərək iki aya yaxındır ki, Şüvəlan 3 saylı cəzaçəkmə təcridxanasında saxlanılır. Ona Cinayət Məcəlləsinin 126.3 maddəsi ilə cinayət işi açılıb və 4 ay həbs qətiimkan seçilib.

Ana oğlunun qətli törətməməsinə görə bu müddət ərzində cəzaçəkmə müəssisəsində saxlanılmasına etiraz edərək, məsələ ilə bağlı çarəsiz qaldığını dilə gətirib:

“Mən oğlumu o vəziyyətdə görəndə dözə bilmədim. Nərimanov rayon Polis Şöbəsinin rəisinə sual verirəm ki, oğluma niyə bu vəziyyətdə işgəncə verilib. Deyir ki, oğlun özü-özünü o günə qoyub. Hətta Turalı maşına qoyub aparanda da onun hansı vəziyyətdə olduğunun şahidi olduq. Oğlumla bir neçə dəfə Şüvəlan 3 saylı cəzaçəkmə təcridxanasında görüşmüşük. Deyir ki, ona elə işgəncələr verilib ki, 50 adamın qətli belə olsa, boynuna götürəcəkdi. Nəzər Əsgərovun tapşırığı ilə 6 nəfər maskalı şəxs növbəli şəkildə oğlumu stola bağlayaraq olmazın işgəncələr veriblər. Ona isə xəbərdarlıq ediblər ki, bu barədə kiməsə desə, onu iynə vurub öldürəcəklər. Mən oğlumu görəndə tanımadım. Çox tanınmaz halda idi, hətta danışa bilmirdi. Artıq mənəvi cəhətdən tükənmişəm. Bir ana kimi başımıza gələn bu müsibətdən bezmişəm, oğlumun təqsiri olmadan ona vəhşicəsinə təzyiqlər verilb, etmədiyi əməl zorla boynuna qoyulub”.

Təranə xanım deyir ki, oğluna polis bölməsində qətlin görüntülərini izlədiblər: \”Qaranlıq çəkilmiş görüntüdə saqqallı bir şəxs görünür. Boynuna qoyurlar ki, bu sənsən. Halbuki oğlum SOCAR-da çalışdığı üçün hər gün üzünü qırxmalı idi. O, görüntüdəki oğlum deyil. Hətta çəkilişin tarixi də göstərilmir. Nə vaxt çəkilib, bəlli deyil\”.

Ümid Avropa Məhkəməsinədir

Təranə Xanalizadə qeyd edib ki, oğlunun günahsız olması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya, respublikanın baş prokuroru Zakir Qaralova, Nərimanov payon prokurorluğuna yazılı müraciətlər edib. Amma bu günə qədər ona müsbət cavab verilməyib. Müraciət etdiyi aidiyyəti qurumlardan şikayətçiyə təkrar olaraq “Tural İsmayılov şübhəli şəxs qismində saxlanılır, iş araşdırılır” deyə cavablar verilib. Təranə Xanalizadə bu məsələnin haqq-ədalətlə həll olunması üçün Avropa Məhkəməsinə qədər gedəcəyini də vurğulayıb.

Məsələ ilə bağlı Rufiz Mirzəyevin ölümündə təqsirli bilinərək saxlanılan Tural İsmayılovun vəkili Ceyhun Yusifov “Cümhuriyət” qəzetinə deyib ki, Nərimanov payon prokurorluğunun və əməliyyat orqanlarının qanunsuz hərəkətləri ilə bağlı məhkəməyə nəzarət qaydada şikayətlər edilib: “Hal-hazırda həmin hallar araşdırma predmetidir. İbtidai istintaq zamanı hadisənin ilkin ifadəsi müdafiə hüququ pozğunluqla müşahidə edilib.

Müdafiəçi kimi mənim iştirakım qəsdlə, bilərəkdən təmin edilməyib. Nərimanov rayon Polis İdarəsinin rəis müavini tərəfindən istintaq hərəkətlərinə daxil olmamın qarşısı fiziki və zorakılıq üsullarla alınıb. Tural İsmayılov barədə işgəncə faktları mövcuddur.

Hazırda Nərimanov rayon prokurorluğunda da formal olaraq araşdırma gedir”. Vəkil əlavə edib ki, işə normal qaydada baxılmasa, digər nöbvəti instansiyalara da müraciət olunacaq.(cebheinfo)

İnterpress.az