VOİCEPRESS həmin müraciəti olduğu kimi oxucuların nəzərinə çatdırır:
Azərbaycan Respublikası Prezidenti,
Ali Baş Komandan Zati-Aliləri İlham Əliyev cənablarına,
Surəti: Azərbaycan Respublikasının birinci xanımı,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri,
Millət vəkili , Heydər Əliyev Fondunun Prezidenti
Xanım Mehriban Əliyevaya
Surəti: Azərbaycan Respublikasının
Baş Prokroru Zakir Qaralov cənablarına,
Surəti: Azərbaycan Respublikasının Ədliyyə Naziri
Fikrət Məmmədov cənablarına,
Surəti: Ali Məhkəmənin Sədri Ramiz Rzayev cənablarına
M ü r a c i ə t
Hörmətli Cənab Prezident,
Bildiyiniz kimi bir müddət öncə jurnalist Rasim Əliyevin döyülməsi sonradan onun vəfat etməsi ilə nəticələnən cinayət hadisəsi baş vermişdir. Hadisə nəticəsində jurnalist Rasim Əliyev vəfat etdi. Hər bir hüquqi, sivil dövlətdə olduğu kimi işə hüquq mühafizə orqanları müdaxilə etdi və hadisəni törədən şəxslər məhkəmə qərarı ilə həbs olundular. İlk gündən məlumdur ki, bu işi şəxsi nəzartinizə götürmüsünüz. Məhz bu səbəbdən işin ədalətli araşdırılacağına və sonlandırılacağına inamımız böyükdür. Sizin humanist xarakterə, ədalətli mövqeyə, güclü məntiqə , yüksək siyasi idarəçilik qabiliyyətə sahib olduğunuzu bilirik. Bilirik ki, bir ölkə başçısı kimi siz bir neçə nəfərin deyil , on milyonlarla insanın taleyinə cavabdehsiniz və məsuliyyət daşıyırsınız. Ancaq bu hadisə cəmiyyətimizdə iki tanınmış şəxsin arasında baş verdiyindən, vəfat edən şəxsin jurnalist olması hadisənin fərqli formada cərayan etməsinə səbəb oldu. Bu hadisəni fürsət bilib xaricdə, beynəlxalq qurumlarda ölkəmizi qaralamaq , onun beynəlxalq imicinə kölgə vurmaq üçün addımlar atıldı. Rasim Əliyevin müxalif yönlü jurnalist olduğunu, guya hadisənin hakimiyyətin “sifarişi” ilə həyata keçirildiyini iddia edib , beynəlxalq qurumlara yalnış və yalan məlumatlar göndərib hadisəni siyasi istiqamətə yönəltməyə cəhd edənlər oldu. İlk günlərində Avropa Şurası , ATƏT və digər beynəlxalq qurumların müxtəlif bəyanatları oldu. Hadisənin obyektiv araşdırılması üçün sizin hüquq mühafizə orqanlarına verdiyiniz göstərişlər və işi şəxsən nəzarətinizə götürməyiniz fürsətcilərə və hadisənin isti izində tələsik bəyanat verən beynəlxalq qurumlara ən gözəl və əsaslı cavab oldu.
Hörmətli Cənab Prezident,
Məhkəmə gedişatında istər şahid ifadələri, istər sübutlar və faktlar , istərsə də mərhum jurnalistin döyülməsində iştirak edən gənclərin verdikləri ifadələr futbolçu Cavid Hüseynovun günahsızlığı olduğu ilə bağlı hər kəsdə əvvəlcədən mövcud olan əminliyi bir daha artırdı. Artıq heç kimdə hətta hadisənin ilk günlərində birtərəfli və qərəzli məlumat yayanlarda belə, futbolçu Cənab Hüseynovun günahsızlığına şübhəsi yoxdur. Varsa belə yenə bu qərəzdən başqa bir şey deyildir. Cinayət hadisəsi törədilmədən öncə Rasim Əliyevin özünün facebook səhfəsində “ Cavid Hüseynovla danışdıq, səhv anlaşılma olub, üzr istədim məsələ bağlandı” kimi status yazması, bugünlərdə Cavidlə mərhum jurnalist arasında olan whats app yazışmalarından da göründüyü kimi Cavidin bu hadisədə zərrə qədər də olsun heç bir günahı yoxdur. Baş vermiş hadisədən sonra Cavid Hüseynovun hadisəni törətmiş bibisi oğlu Elşən İsmayılova “polisə təslim ol” çağrışı etməsi, dərhal Rasim Əliyevin ziyarətinə gedərək ona baş çəkməsi (o zaman Rasim Əliyevin öləcəyi heç kimin təsəvvürünə gəlməzdi çünki həmin vaxtlar Rasim Əliyev bir neçə mətbuat orqanına müsahibə vermişdi və onun bu acı talehlə qarşılaşacağını heç kim gözləmirdi) , həkimlərlə zərərçəkmişin durumu il maraqlanması ona ən azından mənəvi dəstək olması digər tərəfdən vəkili Adəm Məmmədovun məhkəmənin qapalı deyil ədalətin açıqlığa çıxması üçün mətbuat üçün açıq keçirilməsi ilə bağlı məhkəmə qarşısında vəsastətlə çıxış etməsi bir daha Cavid Hüseynovun bir az öncə qeyd etdiyim kimi günahsızlığına əminlikdən irəli gəlirdi.
Hörmətli Cənab Prezident!
Bu hadisələrin əsl səbəblərini və məhkəmə gedişatını öyrənmək daha dəqiq bilgilərə sahib olmaq sizin imkanlarınız çərçivəsindədir. Bizim yazdıqlarımız bir tərəfli təəssürat bağışlaya bilər, ancaq sizin tam ixtiyarınız və imkanınız var ki, bu qeyd etdiyim məsələlərin doğruluğunu araşdırıb konkret nəticəyə gələsiniz. Bugün həbsdə olan futbolçu Cavid Hüseynovla gənclik illərimiz birlikdə keçib, atası Hüseynov Şakirin Qarabağ döyüşlərində bir zabit olaraq qəhrəmancasına döyüşüb şəhid olmasından sonra anası Xalidə xanımın min bir əziyyəti bahasına böyütdüyü, tərbiyəsi, əxlaqı, cəmiyyətdəki davranışı , xeyirxahlığı və bir sıra yüksək keyfiyyətləri ilə seçilən övladlar böyütməsini bu ailəni tanıyan yalnız mən deyil Cavidlə eyni ərazidə yaşayan bütün sakinlər, qonşular və onları tanıyan hər kəs əminliklə deyə bilər. Cavid bu hadisədən yetərincə sarsılıb , bir ilə yaxındır ki Azərbaycanımızın istedadlı futbolçusu etmədiyi , törədiləcəyindən xəbərsiz olduğu cinayətdə ittiham olunur. Ən qəribəsi isə məhkəmələr tarixində bənzərinə çox nadir rast gələcəyimiz hadisə ilə qarşılaşdıq. Dövlət İttihamçısı Cavidə 4 il həbs cəzası istəmişdir. Məhkəmə də, bu istənilən və dövlət ittihamçısının elan etdiyi səbəblərin nöqtə və vergülünə toxunmadan ona elə bu qədər iş kəsdi. Heç bir yüngülləşdirici halı – hadisədə birbaşa iştirakçı olmamasını, Cavidin atasının şəhid olmasını , bugünə qədər heç bir məhkumluluğunun olmamasını, ölkəmizin adına göstərdiyi uğur və nailiyyətlər həmçinin himayəsində azyaşlı uşaqların olmasını nəzərə almadan. Bu qərar Cavid Hüseynov, onun ailəsi və futbolçunun taleyindən narahat olan minlərlə insanı üzmüşdür. Yəni bu qədər yüngülləşdirici halın zərrə qədər nəzərə alınmaması insanların məhkəmə ədalətinə olan inamına şübhə toxumları səpmişdir.
Hörmətli Cənab Prezident,
Siz bir prezident və Ali Baş Komandan olaraq ölkəmizin hər bir vətəndaşının probleminə həssaslıqla yanaşmısınız. Şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdiyiniz diqqət və qayğını xüsusən dəyərləndiririk. Bugünlərdə Qarabağımız uğrunda döyüşən şəhid ailələri üçün həyat yoldaşınız , ölkənin birinci xanımı Mehriban Xanımın verdiyi ehsan süfrəsində hər bir şəhid ailəsi ilə xüsusən görüşüb onların problemləri ilə yaxından maraqlandığının şahidi olduq. Biz sizin və xanımızın bu həssaslığınızı bilirik. Şəhid ailələrinə arxa olduğunuzu onların arxalarında hər zaman dövlətin durduğunu dəfələrlə hiss etdirmisiniz. Bir şəhid oğlu olaraq eyni zamanda illərdir Azərbaycanın Avropada təbliği işlərinə dəstək olan, ölkəmizin beynəlxalq imicinin formalaşmasına, milli problemlərimizin dünyanın diqqət mərkəzində olması üçün usanmadan fəaliyyət göstərən bir şəxs olaraq sizdən Cavid Hüseynovun prosesinə ədalətli yanaşılması üçün səlahiyyətlərinizdən, şəxsi nüfuzunuzdan istifadə edərək prosesə müdaxilə etmənizi yaxud işin ədalətli baxılması üçün xüsusi göstəriş vermənizi rica edirəm.
Hörmətlə,
DAA Təşəbbüs Qrupunun rəhbəri,
Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru
Rəşad Quliyev