Milli Məclisin məlumatına görə, bununla bağlı \”Taxıl haqqında\” qanuna dəyişikliyin edilməsi təklif edilir.
Yeni dəyişikliklərə əsasən, genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycana idxal edilməsinə yol verilməyəcək.
\”Toxumçuluq haqqında\” qanuna edilən dəyişikliklər layihəsinə görə, toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilməyəcək.
Azərbaycanda GMO toxumlardan istifadə vəziyyəti yoxlanılacaq
\”Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında\” qanuna da dəyişikliklərin edilməsi təklif edilir. Qanunun hazırkı variantına görə, Azərbaycana genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır.
Həmin qanuna edilən yeni dəyişikliklər layihəsində isə qeyd edilir ki, Azərbaycana genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır.
Qeyd edək ki, sözügedən qanun layihələri Milli Məclisin iyunun 14-də keçiriləcək iclasında müzakirə ediləcək.