Rəsul Quliyevin adı İnterpolun axtarış sistemindən çıxarılıbbackend

Rəsul Quliyevin adı İnterpolun axtarış sistemindən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-a daxil olan məlumata görə, iyunun 9-dan etibarən Milli Məclisin sabiq sədrinin adı İnterpolun axtarış sistemindən çıxarılıb. Məlumatlı mənbə bildirir ki, bu, 1998-ci ildən barəsində axtarış elan olunan R.Quliyevin ölkəyə dönüşü üçün siyasi hakimiyyətin razılığı kimi də başa düşülə bilər.

İnterpolun Baki ofisinin rəsmi web səhifəsində və baş ofisinin web səhifəsində Azərbaycan hökumətinin istəyi ilə axtarışa verilmiş şəxslərin siyahısında artıq eks-spikerin adı yoxdur. Bu qərarın verilməsinə səbəb kimi Rəsul Quliyevin siyasi səbəblər səbəbindən axtarışa verildiyini İnterpolun müəyyən etməsi səbəb olub.

Qeyd edək ki, R.Quliyev 1993-96-cı illərdə Milli Məclisin sədri olub. O, 1996-cı ilin sentyabr ayında ölkəni tərk edib. Zaman-zaman eks-spiker Azərbaycanda siyasət aləmində söz sahibi olmaq üçün müxalif qurumlar yaratsa da, onların ömrü qısa olub. Buna baxmayaraq, hazırda o, Gələcək Azərbaycan Partiyasının lideri hesab olunur.

Xəbər redaksiyaya günün sonunda daxil olduğundan İnterpolun Bakı ofisi ilə əlaqə saxlayıb məsələyə münasibət ala bilmədik.

Xatırladaq ki, keçmiş deputat Rza İbadovla da bağlı oxşar proses getdi. Ötən ilin sonlarında onun adı İnterpolun axtarış sistemindən çıxarıldı. Bunun üstündən az keçdikdən sonra R.İbadov Bakıya gəldi.

O da 2000-ci ildən ölkəni tərk edərək İngiltərənin paytaxtı London şəhərində yaşayırdı. 2005-ci ilin parlament seçkilərinə qatılan R.İbadov seçki prosesində qalmaqal yaşadı və ona hüquq mühafizə orqanları cinayət işi açdı. O, İnterpol xətti ilə axtarışa verildi. 10 il Azərbaycana dönə bilməyən keçmiş deputat 2015-ci ilin payızında siyasi hakimiyyət tərəfindən qeyri-rəsmi əfv edildi və Azərbaycana döndü. Hazırda sabiq deputat ölkəyə rahat gedib-gələ bilir.

İnterpress.az