Milan Olimpiadasının mükafatçıları medalların keyfiyyətindən narazıdır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media və sosial şəbəkə istifadəçiləri məlumat yayıb.
Milanda keçirilən qış Olimpiya oyunlarının bir neçə mükafatçısı Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən təqdim olunan medalların keyfiyyətindən şikayətlənib.
İdmançılar sosial şəbəkə hesablarında mükafatlarla bağlı yaranan texniki problemlər barədə məlumat paylaşıblar.
Onların sözlərinə görə, lent ilə medal arasındakı bərkidici hissə olduqca zəif hazırlanıb. Bu səbəbdən ağır metal hissə lentdən asanlıqla ayrılır və medallar zədələnir.
Artıq bir neçə atlet bənzər halla qarşılaşdıqlarını və mükafatlarının hissələrə parçalandığını bildiriblər.
Olimpiadanın təşkilat komitəsi məsələyə reaksiya verərək problemin səbəblərinin araşdırıldığını və qüsurun aradan qaldırılması üçün tədbirlər görüləcəyini bəyan edib.
Xuraman Etibarlı
İnterpress.az






