“Qanun”da bomba axtarmaq nə həngamədir?backend

“Qanun”da bomba axtarmaq nə həngamədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarından “Qanun” nəşriyyatında bomba həyəcanı yaşanırdı. Az əvvəl isə axtarış başa çatıb, nəşriyyatda partlayıcı maddə, bomba tapılmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu məsələyə münasibət bildirib:

“Mediadan məlumat aldım ki, “Qanun” nəşriyyatında axtarış aparılır. Hüquq mühafizə orqanlarına daxil olan informasiyaya görə həmin nəşriyyatda partlayıcı maddə olduğu bildirilir. Axtarışın da əsas məqsədi onu üzə çıxarmaqdır. Bu, doğrudanmı belədir? Anlamaqda çətinlik çəkirəm, kitab təşviqi ilə məşğul olan bir obyektdə silah-sursat, bomba axtarmaq nə dərəcədə klassik məntiqlə səsləşir? Açığı, həyatda bir dəfə də olsun Şahbaz Xuduoğlu ilə rastlaşmamışam, şəxsini müdafiə etmək fikrim də yoxdur. Amma sosial-mədəni prinsipləri müdafiə etməklə, kitabların nəşr olunmasının cəmiyyətə zərər deyil, fayda verdiyi qənaətindəyəm.

Maarifləndirmədə hakimiyyətin, xüsusilə cənab prezident İlham Əliyevin maraqlı olduğu şübhəsizdir. Mənə belə gəlir ki, bu cür işlər və əməliyyatların aparılması iqtidarın siyasəti ilə qətiyyən uzlaşmır. Prezidentin çıxışlarında da həmişə gəncliyin maariflənməsində kitabın rolu xüsusi irəli sürülüb. Başa düşmək olmur indi bu, nə həngamədir? Əgər doğrudan da orda bomba olması barədə hüquq mühafizə orqanlarında dəqiq bir məlumat varsa, buna heç bir iradım yoxdur. Ancaq, digər tərəfdən, inanmağım da gəlmir. Bu kitab istehsalçısının rəhbərlik etdiyi müəssisədə bomba yerləşdirməsinin marağı nədir?

Belə işlər əslində iqtidarın siyasi xəttinə zərər vurur. Dediyiniz kimi, axtarış bitib və bomba tapılmayıb. Görəsən indi bunu necə izah edəcəklər, maraqlı olan da budur”.

Qeyd edək ki, nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu ölkədə olmadığına görə axtarış zamanı nəşriyyatda olan qardaşı xalq şairi Sabir Rüstəmxanlı az əvvəl mətbuata axtarış əməliyyatının bitdiyini açıqlayıb: “Polis əməkdaşlarının “Qanun” nəşriyyatında apardığı axtarış başa çatıb. Polislər bomba həyəcanı ilə gəlmişdilər, bu da özünü doğrultmadı, bomba tapılmadı”.(moderator.az)

İnterpress.az