İsmayıllıda 10-dan çox kəndi sel basıb, yollar, körpülər dağılıbbackend

İsmayıllıda 10-dan çox kəndi sel basıb, yollar, körpülər dağılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 saat ərzində güclü küləklə müşayiət olunan leysan yağışın yağması nəticəsində yaranan sel suları rayonun 10-dan çox kəndində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Dağlardan gələn güclü sel suları Kürdmaşı, Quşencə, Qarakolluq, Balik, Enişdibi, Talış, Yenikənd, Şükürçü, Aşıqbayramlı kəndlərində fərdi həyətyanı sahələri, evlərin zirzəmisini basıb, taxıl və üzüm sahələrini, meyvə-tərəvəz bağlarını məhv edib, toyuq-cücə və mal-qara arasında tələfat var. Təbii fəlakət zamanı yenidən asfaltlanaraq bu günlərdə istifadəyə verilən Qaraməryəm-İsmayıllı avtomobil yolu dağılıb. Sel suları yolun 8 və 23-cü kilometrliyində hərəkət zolağını dağıdaraq nəqliyyatın hərəkətinin tamamilə dayanmasına səbəb olub.

Təbii fəlakət nəticəsində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 8 kilometrlik hissəsi tamamilə dağılaraq yararsız hala düşüb. İsmayıllının 10-a yaxın kəndi ilə Qaraməryəm-İsmayıllı avtomobil yolu arasındakı Dəvəbatan çayı və adsız xırda çaylar üzərindəki körpüləri sel suları yuyub apardığı üçün yerli əhalinin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib. Sel suları Kürdmaşı kəndindən keçən Oğuz-Qəbələ-Bakı içməli su kəməri üçün təhlükə yaratdığı üçün əraziyə ağır texnikalar və işçi qüvvəsi cəlb olunub.

Dörd tərəfi dağlarla əhatə olunan bu kəndlərdə sel suyunun hündürlüyü bəzi yerlərdə bir-iki metrdən çox olduğu üçün sakinlər evlərin eyvanlarına və damına çıxıblar. Ümumilikdə 200-dən çox evin zirzəmisi və həyətyanı sahələri su basıb, 10-a yaxın köhnə ev, tövlə və yardımçı tikililər dağılıb, küçələrdə dərin yarğanlar, keçilməz su gölməçələri və lil qatı əmələ gəlib, təbii qaz xətti qırılaraq yararsız hala düşüb. Kənd sakinləri görünməmiş təbii fəlakətlə üzləşdiklərini və heç vaxt belə güclü yağış və sel sularının şahidi olmadıqlarını bildiriblər. Kəndlərin daxilindən keçən su arxları daşaraq kənardakı evlərə, əkin sahələrinə ciddi ziyan vurub, həyətləri qalın lil qatı örtüb. Hazırda kəndlərdə sel və daşqınlar davam edir.

Güclü külək səbəbindən ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb, bəzi yerlərdə sel suları elektrik dirəklərini aşırıb, kəndlərə enerji verilişi dayanıb. Bəzi yerlərdə rabitə və elektrik dirəkləri, meyvə ağacları yıxılıb, naqillər qırılıb, meyvə-tərəvəz sahələrinə xeyli ziyan dəyib. Hadisə baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin ( FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin, İsmayıllı rayon Suvarma İdarəsinin, İsmayıllı rayon 7 saylı yol istismar idarəsinin işçiləri cəlb olunub. (apa.az)

İnterpress.az