Göyçay və Şamaxı sel sularına qərq oldubackend

Göyçay və Şamaxı sel sularına qərq oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlardan gələn sel rayonun Yekəxana, Şahsoltanlı, Qaraməryəm, İnçə, Qarayazı kəndlərində də fəsadlar törədib.

Sel suları həyətyanı sahələrə, mənzillərin zirzəmilərinə, tövlələrə dolub, bostan və otlaq sahələrinə xeyli ziyan vurub, kənd sakinlərinə məxsus ev quşlarını, meyvə ağaclarını, xırda buynuzlu heyvanları və bir ədəd minik avtomobilini sel aparıb.

Həyətlərdə gölməçələr yaranıb, beton və metal suötürücüləri, eləcə də su arxları üzərindəki kiçik körpülər dağılıb. Sel suları küçələrdə dərin yarğanlar əmələ gətirib, hektarlarla taxıl sahəsinə ciddi ziyan vurub.

Güclü sel səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qaraməryəm kəndi ərazisindən keçən hissəsi bir saata yaxın bağlı qalıb. Sel suları Dəvəbatan çayı, Aşağı Qaraməryəm və İnçə kəndləri ərazisindən keçən xırda adsız dağ çayları üzərindəki körpüləri də dağıdıb.

Şamaxıda da güclü yağışdan sonra əmələ gələn sel suları rayonun bəzi ucqar dağ kəndlərində ciddi fəsadlar törədib, fərdi təsərrüfatlara, əkin sahələrinə, taxıl və otlaq sahələrinə xeyli ziyan dəyib, 10-a yaxın xırda buynuzlu heyvan və ev quşu tələf olub.

Bir həftədir, rayona yağan yağışlar çaylarda suyun səviyyəsinin artmasına səbəb olub.

Rayonun əsasən Pirsaat çayı ətrafındakı kəndlərini sel basıb. Dəmirçi, Zaratxeybəri və Səfalı kəndlərinə gedən yolda, çayın uzərində yerləşən körpüləri sel aparıb. Buna görə də kəndlərin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib.

Hazırda Göyçay və Şamaxı rayon İcra Hakimiyyətlərinin nümayəndələri seldən zərər çəkən ərazilərə baxış keçirirlər.

Qeyd edək ki, dünən baş vermiş güclü sel İsmayıllı rayonuna da ciddi ziyan vurub.(apa)

İnterpress.az