Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın iclası keçirilirbackend

Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın iclası keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri bu gün Romada keçirilən Azərbaycan-İtaliya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında İtaliyanın xarici işlər naziri Paolo Centiloni bildirib.

Onun sözlərinə görə, TAP enerji mənbələrinin şaxələndirilməsi baxımından nəinki İtaliya, hətta bütün Avropa üçün iri layihə olaraq qalır.

Azərbaycan tərəfdən Azərbaycan və İtaliya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri energetika naziri Natiq Əliyevdir. Komissiyanın iclasında iştirak etmək məqsədilə energetika nazirinin rəhbərliyi ilə rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyəti İtaliyaya səfər edib.

N. Əliyev və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Benedetto Della Vedovanın birgə sədrliyi ilə keçirilən iclasda Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti təhlil edilərək, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. İclasda İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin 2020-ci ildən Azərbaycan qazının İtaliya və Avropaya tədarükünü təmin edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlərə həsr olunmuş çıxışı, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub.

Xatırladaq ki, Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası 16 dekabr 2013-cü il tarixində Bakı şəhərində keçirilib. Azərbaycanla İtaliya arasında iqtisadi-ticarət əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. İtaliya Statistika İnstitutunun (İSTAT) məlumatına görə, 2006-2015-ci illərdə İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,5 mlrd. avrodan 5 mlrd. avroya qədər artıb. 2015-ci ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 2 mlrd. 842,10 mln. ABŞ dolları olub. İki ölkə arasında iqtisadi tərəfdaşlıq ilk növbədə enerji sektoruna əsaslanır. 2015-ci ildə Azərbaycan İtaliyaya dünya üzrə xam neftin ilk, karbohidrogenlərin isə ikinci ən mühüm təchizatçısı olub. İtaliya istifadə etdiyi 20% nefti Azərbaycandan alır.

Strateji cəhətdən əhəmiyyət kəsb edən və enerji resurslarının təchizatının diversifikasiyasına imkan yaradacaq TAP kəməri ilə bağlı işlərə isə İtaliya öz ərazisində bu ilin mayın 13-də start verib. İtaliyanın “Snam S.p.A.” şirkəti Azərbaycan qazını Avropaya çatdıracaq TAP qaz boru kəmərinin səhmdarıdır. TAP kəmərinin quraşdırılması prosesində iştirak hüququ qazanan şirkətlərdən biri “Saipem” şirkətidir.

İnterpress.az