Məlumata görə, qarşıdurmada xəsarət alan var.
Nərimanov rayonundakı Fətəli xan Xoyski küçəsinin sakinlərinin küçə boyunca ağacların kəsilməsinə görə, etiraz aksiyası keçirdikləri bildirilir.
Sakinlərin, avtomobil yolunu bağladıqları, polislə qarşıdurma yaşandığı deyilir. Aksiya zamanı bir nəfərin xəsarət aldığı, əraziyə təcili tibbi yardım maşınının gəldiyi qeyd edilir.
Report-un xəbərinə görə, əraziyə əlavə polis qüvvələri də cəlb olunub. Sakinlərlə danışıq aparıldıqdan sonra yolda hərəkətin bərpa edildiyi bildirilir.
Ancaq sakinlərin narazılığının sürdüyü söylənir.
Ağacların kəsildiyi ərazidə tikinti aparılacağı bildirilir. “Beqnaft” hüquq şirkəti MMC-nin nümayəndəsi Ərşad Sərdarovun deməsinə görə, ağacların kəsilməsi qanuni olub:
“Ali Məhkəmə bizim xeyrimizə qərar çıxarıb. Tikintiyə başlamaqla bağlı sənədlərimiz də var. Amma qonşular tikintiyə icazə vermir. Ötən il bu məsələ ilə bağlı məhkəmələr davam etdiyindən işi dayandırmışdıq. İndi isə tikintiyə başlamaq istəyirik”, şirkət təmsilçisi deyib.
Aksiyadan sonra sakinlərin tələbi yerinə yetirilib və yenidən ağacları əkməyə başlayıblar. Ağacların əkilməsinə qadınlar da kömək edib.(meydan tv)
İnterpress.az