Amnistiya Aktı çərçivəsində üç qadın məhbus azadlığa buraxılıbbackend

Amnistiya Aktı çərçivəsində üç qadın məhbus azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Akt qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub. Amnistiya aktının şamil olunduğu məhkumlardan üçü azadlığa buraxılıb.

Amnistiya aktına düşən digər məhbusların dörd ay ərzində müəssisədən azad olunması nəzərdə tutulur.

Bununla bağlı təşkil olunan mərasimdə Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin idarə rəisi Mirsaleh Seyidov, \”Konstitusiya\” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də iştirak edib.

Ombudsman Elmira Süleymanova qadın məhkumlarla tez-tez görüşdüklərini, onların xahişlərini dinlədiklərini, amnistiya, əflə bağlı müraciət etdiyini deyib: “İndiyə qədər 518 nəfər bizim vəsatətlə azad olunub. Əfv və amnistiya olduqca vacibdir”.

E. Süleymanova sonuncu 4 amnistiya aktının Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunduğunu xatırladaraq “Azərbaycan yeganə ölkədir ki, qısa zamanda 11 amnistiya aktı, 61 əfv sərəncamı imzalanıb. Bu, böyük rəqəmdir”, – deyə bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilmiş növbəti Amnistiya Aktının icrasına başlanılıb.

Bu il mayın 20-də Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul edilib.

Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

Həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunacaqlar.

10 minə yaxın şəxs amnistiya aktının təsiri altına düşəcək, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad ediləcək.

İnterpress.az