Bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov İrəvanda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Dağlıq Qarabağın danışıqlarda iştirakı üçün zəmanət verməliyik.
“Biz Dağlıq Qarabağın danışıqlarda tamhüquqlu iştirakçı olması ilə bağlı dəfələrlə fikirlər səsləndirmişik. Düzdür, Dağlıq Qarabağ danışıqlarda tamhüquqlu olmasa da iştirak edir. Təsadüfi deyil ki, həmsədrlər son mərhələdə Qarabağın danışıqlarda iştirakının əhəmiyyətini vurğulayıblar. Qarabağsız bu problemi həll etmək mümkün deyil”.
Bundan əvvəl də bir neçə dəfə Ermənistan rəhbərliyi qondarma Dağlıq Qarabağ rejimini danışıqlar masasına əyləşdirmək istəyib. Bəzi hallarda ATƏT-in Minsk Qrupunun həmsədrləri də Ermənistanın bu mövqeyini dəstəkləməyə cəhd ediblər.
Bir müddət əvvəl ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov demişdi ki, müəyyən mərhələdə Qarabağ heç zaman iştirak etmədiyi danışıqlar prosesinə qatılmalıdır.
“Düşünürük ki, sülh sazişinin hazırlanmasına keçid rolunu oynayacaq çərçivə sazişinin bağlanması çıxış nöqtəsi (Qarabağın danışıqlarda iştirakı üçün) ola bilərdi\”, – deyə Popov bildirib.
Azərbaycan tərəfi isə dəfələrlə bəyan edib ki, münaqişə tərəfi kimi Ermənistanı tanıyır. Heç bir qondarma rejimlə danışıqlar masasına əyləşməyəcək.
Amma Ermənistan rəhbərliyi prezidentlərin görüşü ərəfəsində yenidən Dağlıq Qarabağın danışıqlarda iştirak etməsini gündəmə gətirir. Bu təxribatçı və reallaşması mümkün olmayan iddiaların irəli sürülməsi isə danışıqlar prosesinin uzadılmasına xidmət edir. ( anspress.com )
İnterpress.az