R.Səfərov bu barədə məlumat verərkən deyib ki, mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov bu gün saat 17-00-da onu istintaqa dəvət edib:
“Yeddi aydır ki, ibtidai istintaq davam edir. Əsassız surətdə ibtidai istintaqın, alternativ qətimkan tədbiri olaraq ev dustaqlığının müddət uzadılır. Hərçənd ki, faktiki olaraq heç bir istintaq hərəkəti aparılmır.
Bu, məni narahat etmir. Çünki, ciddi və açıq addımı atmamışdan əvvəl yaxın, orta və uzaq perspektivdə məni nələrin gözlədiyini hesablamışdım”.
O bildirib ki, yeganə narahatlığı yaxınlarının təzyiqə məruz qalmasıdır:
“Narahtlığım ondan ibarətdir ki, mənə görə xəstə ailə üzvlərim, xüsusilə, 82 yaşlı sevgili nənəm repressiya maşınının təkərləri altında haldan-hala düşür. Hər şeyə rəğmən fikir və görüşlərimdə qərarlıyam!”.
Yanvar ayının 15-də Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində qaldırılan cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğa çağırılıb və orada saxlanılıb.
R.Səfərov barəsində həbs-qətimkan tədbiri seçilərək Binəqədi rayon Məhkəməsinə aparılıb. Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
R. Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.
Binəqədi rayon Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla bağlı verilən vəsatətə baxılıb. Məhkəmə onların vəsatətini təmin edərək R.Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. R.Səfərov məhkəmə zalından azadlığa buraxılıb.(Modern)
İnterpress.az