Türkiyədə DÇ-2026 matçı əvəzinə kompüter oyunu nümayiş etdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Futbol üzrə 2026-cı il Dünya Çempionatı (DÇ-2026) çərçivəsində keçirilən Türkiyə – Avstraliya qarşılaşmasını izləmək istəyən türk azarkeşlər gözlənilməz vəziyyətlə üzləşiblər.
Canlı yayım platformalarından birində azarkeşlərə real qarşılaşma əvəzinə kompüter oyunu nümayiş etdirilib.
Tamaşaçılar təxminən 6 dəqiqə ərzində real yayımı izlədiklərini düşünüblər. Lakin ekrandakı oyunçuların və topun hərəkətindəki qeyri-adiliyi fərq etdikdən sonra bunun virtual matç olduğunu anlayıblar və qəzəbləniblər.
Hadisənin fərqinə varan minlərlə futbolsevər sosial şəbəkələrdə öz etirazlarını ifadə edərək yayımçı platformanı kəskin şəkildə tənqid edib.
Müasir futbol simulyatorlarının qrafikasının real görüntüyə son dərəcə yaxın olması bu cür yanlışlıqların baş verməsini asanlaşdırır.
Yayımçı şirkət məsələ ilə bağlı araşdırmalara başlayıb və texniki nasazlıq səbəbindən yaranan bu xoşagəlməz vəziyyətə görə abunəçilərindən rəsmi şəkildə üzr istəyib.
Xatırladaq ki, futbol üzrə dünya çempionatında Türkiyə millisi Avstraliyaya 0-2 hesabı ilə uduzub.
Xuraman Etibarlı
İnterpress.az






