Hindistanda “Telegram” müvəqqəti olaraq bloklanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hindistanda abituriyentləri fırıldaqçılardan qorumaq məqsədilə “Telegram” messencerinin fəaliyyəti müvəqqəti olaraq bloklanıb.
Bundan əvvəl ölkə hakimiyyəti tibb universitetlərinə qəbul olmaq istəyən namizədlər üçün nəzərdə tutulmuş qəbul imtahanının sual və cavablarının sızması səbəbindən imtahanın vaxtını təxirə salmaq məcburiyyətində qalmışdı.
Rəsmi qurumlar düzgün cavabların yayılmasında məhz “Telegram” platformasındakı qruplardan istifadə edildiyini müəyyənləşdiriblər.
Məhdudiyyətlərin müvəqqəti xarakter daşıdığı bildirilir. Messencerin fəaliyyəti qəbul imtahanı başa çatdıqdan dərhal sonra – iyunun 22-də yenidən bərpa ediləcək.
Hindistanın Təhsil Nazirliyi və hüquq-mühafizə orqanları imtahan prosesinin ədalətli və şəffaf keçirilməsi üçün bütün lazımi təhlükəsizlik tədbirlərini gördüklərini, sosial şəbəkələrdə qanunsuz olaraq cavabları satan və saxtakarlıq edən şəxslərə qarşı isə ciddi araşdırmaların başladıldığını bəyan ediblər.
Xuraman Etibarlı
İnterpress.az






