Finlandiyada sualtı kabelləri zədələməkdə ittiham olunanlar arasında Azərbaycan vətəndaşı da var.
İnterpress.az xəbər verir ki, bu barədə “Yle” teleradio şirkəti məlumat yayıb.
Finlandiya prokurorluğu Baltik dənizində sualtı rabitə kabellərini zədələməkdə ittiham olunan “Fitburg” yük gəmisinin heyət üzvlərinə qarşı rəsmi ittiham irəli sürüb.
Cinayət işində iki dənizçi – gəminin rusiyalı kapitanı və azərbaycanlı bosman şübhəli şəxs qismində keçir.
Onlar ağırlaşdırıcı hallarda əmlaka qəsdən ziyan vurmaqda və rabitə vasitələrinin fəaliyyətini qəsdən pozmaqda ittiham olunurlar.
İstintaqın məlumatına görə, “Fitburg” yük gəmisi 2025-ci il dekabrın 31-də saxlanılıb. Gəminin lövbərinin Baltik dənizi akvatoriyasında Finlandiya ilə Estoniya arasında çəkilmiş iki sualtı rabitə kabelini zədələdiyi ehtimal edilir.
Rusiyadan İsrailə doğru hərəkət edən yük gəmisi lövbərini dənizin dibi ilə ən azı 130 kilometr məsafədə sürükləyib.
Finlandiya hüquq-mühafizə orqanları hadisənin təsadüfi qəza olmadığını, dənizçilərin lövbərin sürüklənməsindən xəbərdar olduqlarını, lakin qəsdən hərəkəti davam etdirdiklərini iddia edirlər.
Bu hadisə bölgədəki strateji infrastrukturun təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olub.
Yaxın vaxtlarda Finlandiyada dənizçilər üzərində məhkəmə prosesinin başlayacağı gözlənilir.
Günahları sübuta yetirilərsə, hər iki şəxsi ciddi həbs cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






