ABŞ-də dəhşətli terror cəhdinin qarşısı alınıb. Donald Trampın yubiley tədbirinə hücum planlaşdıran 5 şəxs həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) Ağ Evin həyətində ölkə rəhbəri Donald Trampın 80 illik yubileyi və ABŞ-nin müstəqilliyinin 250 illiyi şərəfinə keçirilən “UFC Freedom 250” idman gecəsinə qarşı planlaşdırılan dəhşətli terror aktının və sui-qəsd cəhdinin qarşısını alıb.
FTB direktoru Kaş Patelin verdiyi məlumata görə, bir neçə ştatda keçirilən genişmiqyaslı xüsusi əməliyyat nəticəsində sui-qəsdi təşkil etməkdə şübhəli bilinən 5 nəfər həbs edilib.
Şübhəlilər Ohayo, Missuri, Nebraska və Kaliforniya ştatlarında yaxalanıblar.
İstintaq materiallarına görə, terror qruplaşması iyunun 14-də Ağ Evin Cənub qazonunda təşkil olunan döyüş gecəsi zamanı havaya partlayıcı yüklü pilotsuz uçuş aparatları (dronlar) qaldırmağı planlaşdırıb.
Planın əsas hissəsi binanın yaxınlığındakı obyektləri dronlarla vuraraq kütləvi panika və təxliyə yaratmaq olub.
Plana görə, qorxu içində qaçan izdiham əvvəlcədən təyin olunmuş nöqtələrdə yerləşdirilmiş snayper qrupunun hədəfinə yönəldilməli idi.
Hücumun ikinci dalğasında isə silahlıların Ağ Evin darvazalarına hücum etməsi nəzərdə tutulubmuş.
FTB rəsmiləri bu təhlükə barədə hələ iyunun 10-da, tədbirdən dörd gün əvvəl məlumat əldə etdiklərini və sürətli əməliyyatla fəlakətin qarşısını vaxtında aldıqlarını bildiriblər.
Şübhəlilərdən çoxlu sayda odlu silah, minlərlə sursat və taktiki avadanlıq ələ keçirilib.
Prokurorluq sənədlərinə görə, terrorçuların hədəfləri arasında təkcə Prezident Donald Tramp deyil, həmçinin vitse-prezident Ceyms Devid Vens, İsrailin Baş naziri Benyamin Netanyahu, milyarder İlon Mask və bir sıra tanınmış senatorlar da olub.
Hazırda faktla bağlı cinayət işi üzrə genişmiqyaslı istintaq hərəkətləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






