Rusiyanın tanınmış kosmonavtı və deputatı Aleksandr Samokutyayev 56 yaşında vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya Qəhrəmanı, təqaüddə olan pilot-kosmonavt və Dövlət Dumasının deputatı Aleksandr Samokutyayev 56 yaşında qəfil vəfat edib. Bu barədə məlumatı Penza vilayətinin qubernatorunun mətbuat xidməti açıqlayıb.
Vilayət rəhbərliyi, deputatlar və hökumət üzvləri məşhur kosmonavtın vaxtsız vəfatı ilə bağlı onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər. Onun ölümünün səbəbləri və təfərrüatları hələlik açıqlanmır.
Aleksandr Samokutyayev 13 mart 1970-ci ildə Penzada anadan olub. O, ömrü boyu hərbi aviasiya və kosmonavtika sahəsində mühüm nailiyyətlərə imza atıb, o cümlədən hərbi xidmətdən sonra uzun illər Kosmonavt Hazırlığı Mərkəzində fəaliyyət göstərib.
Samokutyayev karyerası ərzində kosmosa iki dəfə uçuş həyata keçirib. İlk uçuşunu 2011-ci ildə “Soyuz TMA-21” gəmisinin komandiri kimi icra edən kosmonavt, ikinci dəfə 2014-cü ildə orbitə yollanıb.
O, kosmosda ümumilikdə 331 gün keçirib və iki dəfə açıq kosmosa çıxaraq orada 10 saatdan çox işləyib.
2012-ci ildə Rusiya Qəhrəmanı fəxri adına layiq görülən Samokutyayev, kosmik fəaliyyətini başa vurduqdan sonra siyasətə qoşulub.
O, 2021-ci ildə Penza vilayətindən Dövlət Dumasının VIII çağırış deputatı seçilmişdi və parlamentin Nəqliyyat komitəsində fəaliyyət göstərirdi.

Xuraman Etibarlı
İnterpress.az






