Moskva-Batumi reysini yerinə yetirən “Superjet 100” təyyarəsinin mühərrik qapağı havada qopub.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Rusiyanın “Azimut” aviaşirkətinə məxsus, Moskva – Batumi (Gürcüstan) reysini yerinə yetirən “Sukhoi Superjet 100” sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Vnukovo hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.
Uçuş zamanı laynerin sağ mühərrikinin qapaqları qoparaq yerə düşüb.
Dispetçerin xəbərdarlığından sonra ekipaj dərhal təhlükəsizlik tədbirləri görməyə başlayıb.
Təyyarə təhlükəsiz eniş üçün təxminən bir saat ərzində havada yanacağı işlədərək uğurla eniş həyata keçirib.
Hadisə zamanı təyyarənin göyərtəsində olan 91 nəfər (86 sərnişin və 5 heyət üzvü) arasında xəsarət alan olmayıb.
Məlumata görə, bu, sözügedən aviaşirkətin təyyarələrində baş verən ilk belə bədbəxt hadisə deyil.
Oxşar texniki nasazlıq – sol mühərrik qapaqlarının uçuş zamanı qopması hadisəsi daha əvvəl Mineralnıye Vodı şəhərindən havaya qalxan eyni tipli başqa bir təyyarədə də qeydə alınmışdı.
Faktla bağlı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) tərəfindən genişmiqyaslı təhqiqat başladılıb, təyyarənin uçuşları müvəqqəti olaraq dayandırılıb.

Xuraman Etibarlı
İnterpress.az






