İsrailin xarici işlər naziri Saar Aİ-nin baş diplomatı Kallas ilə bütün əlaqələri kəsdiyini elan edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas ilə bütün diplomatik təmasları və əlaqələri dondurduğunu bəyan edib.
İsrail XİN rəhbərinin sözlərinə görə, bu qərarın verilməsinə səbəb Kallasın Meksikaya səfəri zamanı İsraili vaxtilə Cənubi Afrikada hökm sürmüş aparteid rejimi ilə müqayisə etməsi barədə yayılan məlumatlar olub.
Saar bu cür müqayisələri və çıxışları “qanlı böhtan” adlandırıb və Kallas öz sözlərindən rəsmən imtina etməyənə qədər onunla heç bir təmas qurmayacağını vurğulayıb.
Qeyd edək ki, son günlər Avropa rəsmiləri ilə İsrail hökuməti arasında kəskin fikir ayrılıqları və diplomatik gərginliklər artmaqdadır.
Çin mətbuatının da İsraili Yaxın Şərqdə sülhə maneə adlandırmasından sonra Aİ-nin baş diplomatı tərəfindən səsləndirilən bu kəskin müqayisə Təl-Əvivin sərt reaksiyasına və rəsmi boykot qərarına səbəb olub.
Avropa İttifaqı rəsmiləri hələlik Kaja Kallasın Meksikada səsləndirdiyi iddia edilən fikirlər və İsrail XİN-in qərarı ilə bağlı rəsmi şərh verməyiblər.
Xuraman Etibarlı
İnterpress.az






