İranda rəsmilərə ABŞ nümayəndələri ilə birgə foto çəkdirmək və əl sıxmaq qadağan edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Xorasan” qəzeti məlumat yayıb.
İranın parlament spikeri Məhəmməd Baqir Qalibafa yaxınlığı ilə tanınan “Xorasan” qəzeti ölkə rəsmilərinə İsveçrədə imzalanması gözlənilən anlaşma memorandumu mərasimində ABŞ rəsmiləri ilə birgə şəkil çəkdirməmək və əl sıxmamaq barədə ciddi xəbərdarlıq edib.
Mətbuatda yer alan məlumata görə, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və ya Prezident Donald Trampın özünün İsveçrədəki imzalama mərasimində iştirak etmək üçün oraya yollanacağı gözlənilir.
Qəzet xəbərdarlıq edib ki, rəsmi Vaşinqton bu görüşdən siyasi maraqlar əldə etmək üçün qəsdən “belə bir foto kadr” axtarışındadır.
Bu səbəbdən İran rəsmilərinə amerikalılarla “xatirə şəkli” çəkdirməkdən və ya şəxsən Tramp ilə əl sıxmaqdan qəti şəkildə imtina etmək tapşırılıb.
Analitiklər qeyd edirlər ki, rəsmi Tehranın bu cür ehtiyatlı və sərt yanaşması ölkə daxilindəki mühafizəkar qüvvələrin və dini rəhbərliyin ABŞ-yə qarşı davam edən prinsipial mövqeyi ilə bağlıdır.
Tramp və Xamenei arasında əldə olunmuş sazişin cümə günü İsveçrədə imzalanması planlaşdırılsa da, hər iki ölkə daxilindəki siyasi gərginlik və qarşılıqlı inamsızlıq ən yüksək həddədir.
Qeyd edək ki, ABŞ Prezidenti Tramp bir qədər əvvəl bu sazişin yekun xarakter daşımadığını və ABŞ-nin istədiyi an İrana qarşı hərbi variantı yenidən işə sala biləcəyini bəyan etmişdi.
Xuraman Etibarlı
İnterpress.az






