San-Dieqo sakini HƏMAS-a 1 milyon manatdan çox yardım toplamaqda ittiham olunur.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyi Qəzza zolağının sakinlərinə humanitar yardım bəhanəsi ilə HƏMAS terror qruplaşması üçün yüz minlərlə dollar vəsait toplamaqda şübhəli bilinən San-Dieqo sakininin həbs edildiyini açıqlayıb.
Kaliforniya ştatının San-Dieqo şəhərindən olan 38 yaşlı Reda Mazen Rida Sabassi terrorizmə dəstək, sanksiyalardan yayınma, elektron fırıldaqçılıq, çirkli pulların yuyulması və yalan ifadə vermə də daxil olmaqla, 5 maddə üzrə ittiham olunur.
İttihamların hər biri üzrə onu maksimum 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məhkəmə sənədlərinə görə, Sabassi 2023-cü ilin dekabrından 2024-cü ilin fevralına qədər olan dövrdə humanitar kampaniyalar adı altında təxminən 600 000 dollar (təxminən 1 020 000 manat) vəsait toplayıb.
O, bu məbləğin təxminən 116 000 dollarını (təxminən 197 200 manat) birbaşa HƏMAS üzvünə göndərib.
Qalan 382 000 dolları (təxminən 649 400 manat) isə qruplaşma ilə əlaqəli olan “Gaza Now” xeyriyyə fondu vasitəsilə kriptovalyutaya çevirərək HƏMAS-a ötürməyə cəhd göstərib.
Faktla bağlı ABŞ-nin federal xidmətləri tərəfindən genişmiqyaslı istintaq tədbirləri aparılır.
Xuraman Etibarlı
İnterpress.az






