Polşada rusiyalı müxalif rəssamı öldürməkdə şübhəli bilinən şəxs TUTULDUbackend

Polşada rusiyalı müxalif rəssamı öldürməkdə şübhəli bilinən şəxs TUTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada rusiyalı müxalif rəssam Semyon Skrepetskinin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Polşanın Baş naziri Donald Tusk rəsmi Varşavada mühacirətdə yaşayan rusiyalı müxalif rəssam və karikaturaçı Semyon Skrepetskinin (əsl adı Robert Kuzovkov) qətlində şübhəli bilinən şəxsin saxlanıldığını bəyan edib.

Baş nazirin sözlərinə görə, xüsusi əməliyyat nəticəsində yaxalanan şəxsin üzərindən Gürcüstan vətəndaşına məxsus xarici pasport aşkarlanıb.

Polşa xüsusi xidmət orqanları və polisin birgə əməliyyatı ilə tutulan cinayətkarın hazırda qətlin birbaşa sifarişçisini müəyyənləşdirmək istiqamətində araşdırıldığı bildirilir.

Hadisə iyunun 15-də səhər saatlarında Polşanın şərqində yerləşən Byala-Podlyaska şəhərində baş verib. Naməlum şəxs 44 yaşlı Skrepetskiyə yaxın məsafədən 5 atəş açaraq onu qətlə yetirib.

Rəssam aldığı ağır güllə xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Polşanın yerli KİV-lərinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs əslində saxta sənədlərdən istifadə edən Çeçenistan mənşəli biridir.

Baş nazir Donald Tusk bu qətlin bütün əlamətləri ilə sifarişli siyasi sui-qəsd olduğunu və bunun arxasında Rusiyanın dayandığı sübut olunarsa, hadisənin beynəlxalq səviyyədə dövlət terrorizmi kimi qiymətləndiriləcəyini vurğulayıb.

Semyon Skrepetski öz karikaturalarında və rəsmlərində Rusiya Prezidenti Vladimir Putini, Çeçenistan rəhbəri Ramzan Kadırovu və Belarus lideri Aleksandr Lukaşenkonu sərt şəkildə tənqid edirdi.

Qətldən 3 gün əvvəl o, Berlində Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçirmiş və bundan sonra sosial şəbəkələrdə çoxsaylı ölüm hədələri aldığını bildirmişdi.

Xuraman Etibarlı

İnterpress.az