Rusiyada məşhur tarixçi Tamara Eydelmana 8 illik həbs cəzası KƏSİLDİbackend

Rusiyada məşhur tarixçi Tamara Eydelmana 8 illik həbs cəzası KƏSİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada tanınmış tarixçi və yutuber Tamara Eydelman qiyabi olaraq 8 il həbs cəzası alıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiya məhkəməsi ölkədə “xarici agent” siyahısına daxil edilmiş tanınmış tarixçi, yazıçı və yutuber Tamara Eydelmana qarşı qiyabi hökm oxuyub.

Məhkəmə prosesinin iştirakçılarından birinin verdiyi məlumata görə, Eydelman faşizmin reabilitasiyası (nasizmə bəraət qazandırma) və Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlar yaymaqda təqsirli bilinərək qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına görə, tarixçinin özünün populyar “YouTube” kanalında və sosial şəbəkə hesablarında paylaşdığı videoçarxlar və bəyanatlar cinayət işinin açılmasına səbəb olub.

Məhkəmə onun Rusiya ordusunun Ukraynadakı fəaliyyəti barədə yaydığı məlumatları qərəzli və saxta hesab edib.

Tamara Eydelman hazırda Rusiyadan kənarda, Portuqaliyada yaşayır və fəaliyyətini xaricdə davam etdirir. Bu səbəbdən onun barəsində çıxarılan 8 illik həbs hökmü qiyabi xarakter daşıyır. O, Rusiyaya qayıtdığı və ya ekstradisiya edildiyi təqdirdə dərhal həbs olunacaq.

Eydelman Rusiyanın tanınmış pedaqoqu, tarixçisi və rəsmi dövlət siyasətini kəskin tənqid edən müxalif fiqurlardan biri kimi tanınır. Rusiya Daxili İşlər Nazirliyi onu daha əvvəl beynəlxalq axtarışa vermişdi.

Müdafiə tərəfi qərarın siyasi motivli olduğunu bildirərək apellyasiya şikayəti verəcəklərini açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az