Moskvada 170 min manatlıq oğurluq zamanı dalaşan oğrulardan biri digərini aldadaraq pullarla qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Moskvada baş verən səs-küylü fırıldaqçılıq və oğurluq hadisəsi zamanı cinayətkarların bir-biri ilə dalaşması maraqlı və gözlənilməz sonluqla yekunlaşıb.
Hadisə məşhur “Moskva-Siti” biznes mərkəzində qeydə alınıb. Bir qrup əcnəbi vətəndaş göydələnlərdən birində saxta valyutadəyişmə məntəqəsi adı altında ofis icarəyə götürüb.
Qısa müddət sonra bir sakin 100 min dollar (təxminən 170 000 manat) vəsaiti konvertasiya etmək üçün onlara müraciət edib. Kassirlər pulu saymaq bəhanəsi ilə digər otağa keçiblər və çıxış qapısından qaçmağa çalışıblar.
Lakin qaçış anında cinayətkar şəriklər arasında daxili münaqişə və əlbəyaxa dava başlayıb.
Fırıldaqçılardan biri məbləği üç yerə bölməkdənsə, iki yerə bölməyin daha sərfəli olduğunu düşünərək pul dolu çamadanı ən yaxın dostuna ötürüb, özü isə üçüncü şəriki ilə davaya çıxıb.
Nəticədə pulları götürən ən cəld fırıldaqçı bütün məbləği mənimsəyərək hadisə yerindən sürətlə qaçmağa nail olub və öz dostlarını da pulsuz qoyub.
Şübhəli şəxslərdən biri artıq polis tərəfindən saxlanılıb, digər iki nəfərin və oğurlanmış vəsaitin tapılması üçün operativ əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






