Rusiyada elit uşaq bağçasında Kvinke ödemindən əziyyət çəkən 2 yaşlı uşağa həkim çağırmayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Saratov vilayətinin Engels şəhərində fəaliyyət göstərən elit “Bambi” uşaq bağçasında dəhşətli xidmət səhlənkarlığı baş verib.
İki yaşlı uşaq bağçada Kvinke ödemindən (angioödem) ağır əziyyət çəksə də, tərbiyəçi onun şişmiş üzünü adi allergiya hesab edib və təcili yardım çağırmaqdan imtina edib.
Uşağın anası Anastasiya oğlunu bağçadan götürməyə gələrkən dəhşətli mənzərə ilə qarşılaşıb. Uşaq güclə hərəkət edirmiş, onun üzü tamamilə bənövşəyi rəng alıb və nəhəng şəkildə şişib.
Kvinke ödemini dərhal tanıyan ana oğlunu qucağına alaraq ən yaxın klinikaya qaçıb.
Körpəyə təcili tibbi müdaxilə tələb olunub və onun vəziyyəti xüsusi hormonal preparatların köməyi ilə stabilləşdirilib.
Ödemin yaranmasına ehtimal olunan səbəb ağcaqanad dişləməsi olub və uşaq təxminən iki saat ərzində bu ağır vəziyyətdə lazımi nəzarət olmadan qalıb.
Uşaq özünə gələn kimi ana “Bambi” uşaq bağçasının rəhbərliyi ilə mübahisə edib. Əvvəlcə rəhbərlik ailə ilə əməkdaşlığa razılaşsa da, sonradan bağçanın direktoru öz əməkdaşının təqsirini boynuna almaqdan qəti şəkildə imtina edib.
Qeyd edək ki, “Bambi” Engels şəhərində elit müəssisə hesab olunur və valideynlərdən aylıq 26 min rubl (təxminən 600 manat) ödəniş tələb edir.
Faktla bağlı uşaq hüquqlarının qorunması idarəsi tərəfindən araşdırma başladılıb.
Xuraman Etibarlı
İnterpress.az






