“DOOM” və “Wolfenstein 3D” oyunlarının əfsanəvi bəstəkarı Bobbi Prins vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə “VGC” portalı məlumat yayıb.
Kompüter oyunları tarixinin ən məşhur və əfsanəvi bəstəkarlarından biri, “DOOM”, “DOOM II”, “Duke Nukem 3D” və “Wolfenstein 3D” kimi kult oyunların musiqi müəllifi olan Bobbi Prins (Robert Caskin “Bobby” Prince III) 81 yaşında dünyasını dəyişib.
Onun ailəsi bəstəkarın iyunun 16-da vəfat etdiyini rəsmən təsdiqləyib. Prins 1990-cı illərin kompüter oyunlarının səs və musiqi dizaynını formalaşdıran, bu sahəni incəsənət səviyyəsinə qaldıran əsas mütəxəssislərdən biri hesab olunur.
Bobbi Prinsin həyat yolu olduqca fərqli və maraqlı olub. O, gənclik illərində Vyetnam müharibəsində taqım komandiri kimi xidmət edib. Hərbi xidmətdən sonra hüquqşünaslıq təhsili alaraq vəkil kimi fəaliyyət göstərən Prins, yalnız 40 yaşından sonra rəqəmsal musiqi bəstəkarlığı sahəsinə keçid edib.
Bəstəkarın ən böyük və ölməz əsəri “DOOM” oyunu üçün hazırladığı ağır metal (“heavy metal”) üslublu musiqi toplusudur.
Səsin keyfiyyət və texnoloji imkanlarının olduqca məhdud olduğu 90-cı illərdə onun yaratdığı “At Doom’s Gate” mövzusu bütün dünyada oyun musiqisinin şah əsərinə çevrilib.
Ötən ay ABŞ Konqres Kitabxanası bu musiqi albomunu mədəni, tarixi və estetik əhəmiyyətinə görə Milli Səs Yazıları Reyestrinə (National Recording Registry) daxil edərək onu gələcək nəsillər üçün qorunmalı olan səs xəzinələrindən biri elan etmişdi.
O, həmçinin 2006-cı ildə oyun sənayesinə verdiyi töhfələrə görə nüfuzlu “Həyatboyu Uğur” (Lifetime Achievement Award) mükafatı ilə təltif olunmuşdu.
Xuraman Etibarlı
İnterpress.az






