İstanbulda yeni boşanmış cütlüyün cansız bədənləri yaşayış kompleksinin həyətində tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin İstanbul şəhərinin Çəkməköy rayonunda səs-küylü və sirli ölüm hadisəsi baş verib. Daşdelən məhəlləsində yerləşən yaşayış kompleksinin həyətində bir qadın və bir kişinin hərəkətsiz halda yerdə uzandığını görən qonşular dərhal polis və təcili tibbi yardım qüvvələrinə məlumat veriblər.
Hadisə yerinə gələn həkim briqadası hər iki şəxsin artıq dünyasını dəyişdiyini təsdiqləyib. Aparılan təhqiqat tədbirləri nəticəsində həyatını itirənlərin 36 yaşlı S.Ö. (kişi) və 31 yaşlı Ş.A. (qadın) olduğu müəyyənləşdirilib.
Polisin keçirdiyi araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər yaxın keçmişdə evli olublar, lakin bir müddət əvvəl rəsmən boşanıblar.
Həmçinin hadisə baş verməzdən qısa müddət əvvəl binanın daxilində keçmiş ər-arvad arasında kəskin mübahisə və münaqişə qeydə alınıb.
İlkin ehtimallara görə, gərginləşən dava zamanı kişinin keçmiş həyat yoldaşını binanın eyvanından ataraq öldürdüyü və ardınca özünün də eyni eyvandan tullanaraq intihar etdiyi güman edilir.
Ölümlərin dəqiq səbəblərinin və cinayətin təfərrüatlarının müəyyənləşdirilməsi üçün cəsədlər yarılma məqsədilə Məhkəmə Tibb Qurumunun morquna göndərilib.
Faktla bağlı prokurorluq tərəfindən araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






