İYİ Partiya deputatı “FETÖ” tələsinə DÜŞDÜ: 10 kq qızıl və yüz minlərlə dolları DƏLƏDUZA VERDİ – FOTObackend

İYİ Partiya deputatı “FETÖ” tələsinə DÜŞDÜ: 10 kq qızıl və yüz minlərlə dolları DƏLƏDUZA VERDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə deputat “FETÖ” yalanı ilə dolandırılaraq, 10 kq qızıl və milyonlarla vəsaiti ələ keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) İYİ Partiyadan olan Mersin millət vəkili Burhanəddin Kocamaz telefon fırıldaqçılarının qurbanı olub. Özünü “Mersin Terrorla Mübarizə (TEM) idarəsinin rəisi” kimi təqdim edən dələduzlar deputata onun adının “FETÖ” terror təşkilatına yönəlmiş gizli araşdırma materiallarında keçdiyini iddia ediblər.

Onlar “əməliyyatın gizliliyi” və evdəki qiymətli əşyaların laboratorda yoxlanılması bəhanəsi ilə siyasətçidən əlindəki nağd pul və qızılları təhvil verməsini tələb ediblər.

Dələduzların manipulyasiyasına inanan Kocamaz onlara bank hesabı vasitəsilə təxminən 2,4 milyon lirə (təxminən 87 840 manat) köçürüb.

Bununla kifayətlənməyən deputat həmçinin Ankara yaxınlığında fırıldaqçılardan birinə şəxsən əldən 10 kiloqram qızıl və qiymətli zinət əşyaları, 68 min dollar (təxminən 115 600 manat) və 1900 avro (təxminən 3 691 manat) nağd pulu çanta daxilində təslim edib.

Bir qədər sonra aldadıldığını başa düşən millət vəkili dərhal Ankara Emniyyət Müdirliyinə müraciət edərək şikayətçi olub. Polisin keçirdiyi operativ təqib nəticəsində 2 şübhəli şəxs İstanbulda, taksi daxilində bütün pul və qızıllarla birlikdə isti izlərlə yaxalanıb.

Kocamazın bütün vəsaiti onlardan eksiksiz olaraq müsadirə edilib, saxlanılan hər iki fırıldaqçı isə məhkəmənin qərarı ilə həbs olunaraq cezaçəkmə müəssisəsinə göndərilib.

Millət vəkili verdiyi açıqlamada həmin vaxt ağır qrip infeksiyasından müalicə aldığını, istifadə etdiyi güclü dərmanların təsiri altında olduğunu və dövlət orqanlarına olan aşırı inamının sui-istifadə edildiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az