Çində paraşütçü 60 metr hündürlükdə olan tikinti kranından asılı vəziyyətdə qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətinin Nançun şəhərində güclü külək səbəbindən idarəetməni itirən paraşütçü tikinti kranından asılı vəziyyətdə qalıb.
Məlumata görə, idmançının paraşütü eniş edərkən çay kənarındakı inşaat kranının dəmir konstruksiyalarına ilişib. Nəticədə paraşütçü yer səthindən təxminən 60 metr hündürlükdə havada asılı qalıb.
Hadisə yerinə dərhal yanğınsöndürmə və xilasetmə briqadaları cəlb olunub. Xilasetmə əməliyyatına rəhbərlik edən mütəxəssislər kran operatoru ilə koordinasiyalı şəkildə hərəkət edərək idmançını təhlükəsiz yerə endirmək üçün plan hazırlayıblar.
Axtarış-xilasetmə tədbirləri təxminən dörd saat davam edib və yalnız hava qaraldıqdan sonra uğurla başa çatıb. Xilasedicilər 72 metrlik teleskopik nərdivan vasitəsilə 60 metr yüksəkliyə ucalaraq paraşütçünü təhlükəsiz şəkildə yerə endiriblər.
Fövqəladə hadisə zamanı idmançı ciddi xəsarət almayıb, lakin o, gün batımını havada olduqca narahat və təhlükəli vəziyyətdə qarşılamalı olub.
Faktla bağlı yerli təhlükəsizlik qurumları tərəfindən araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






