Rusiyada Ali Məhkəmənin xanım əməkdaşı gözəllik iynəsindən sonra komaya düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Federasiyası Ali Məhkəməsinin 52 yaşlı xanım əməkdaşı Yelena Moskvadakı kosmetoloji klinikalardan birində edilən gözəllik iynəsindən (mezoterapiya prosedurundan) sonra komaya düşüb.
Məlumata görə, o, “Oria Clinic” estetika mərkəzinə müraciət edib. Qadın üzünün daha gənc və parlaq görünməsi üçün vitaminlər və hialuron turşusundan ibarət mezoterapiya iynələri etdirmək istəyib.
Bu prosedur ona 20 min rubla (təxminən 461 manat) başa gəlib. Lakin iynələr vurulan zaman Yelena özünü qəfil pis hiss edib, halsızlaşıb və huşunu itirib.
Hadisə yerinə gələn təcili yardım briqadası onu ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirib. İki gündən çox komada qalan pasiyentin vəziyyətini həkimlərin səyləri sayəsində stabilləşdirmək mümkün olub.
Kosmetologiya mərkəzinin əməkdaşları isə hadisə ilə bağlı şərh verməkdən imtina ediblər.
Həkimlər qeyd edirlər ki, mezoterapiya zamanı bu cür ağır fəsadların baş verməsi olduqca nadir hallarda qeydə alınır. Adətən bu prosedur iynə vurulan nahiyədə yüngül qızartı, göynəmə və ya kiçik göyərmələr istisna olmaqla, heç bir yan təsir vermir.
Belə ağır və həyati təhlükə yaradan fəsadlar yalnız kosmetoloqun qeyri-steril alətlərlə işləməsi və ya pasiyentdə istifadə olunan dərman preparatına qarşı kəskin allergik reaksiyanın (anafilaktik şok) yaranması nəticəsində baş verə bilər.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmin klinikada genişmiqyaslı yoxlamalara başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






