Sevastopol sahillərində sutka ərzində 19 zəlzələ baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Krım yarımadasındakı Sevastopol şəhərinin sahillərində sutka ərzində ard-arda 19 yeraltı təkan qeydə alınıb.
Krım Federal Universitetinin (KFU) Seysmolologiya və Geodinamika İnstitutunun açıqladığı son rəsmi məlumatlara görə, yeraltı təkanların ocağı dənizin dibində müxtəlif dərinliklərdə müəyyən edilib.
Seysmik aktivliyin bu dərəcədə sürətli və intensiv artması yarımadada ciddi müzakirələrə və narahatlığa səbəb olub.
Mütəxəssislər qeyd edirlər ki, baş verən zəlzələlərin böyük hissəsi zəif maqnitudalı olduğu üçün quruda kəskin şəkildə hiss edilməyib. Hadisə nəticəsində şəhər infrastrukturuna hər hansı ziyan dəyməyib, tələfat və ya yaralanma faktı qeydə alınmayıb.
Seysmoloqlar əhaliyə sakitliyi qorumağı tövsiyə edərək, bu cür ardıcıl mikrotəkanların geoloji gərginliyin təbii şəkildə boşalması üçün müsbət hal olduğunu və böyük dağıdıcı zəlzələ riskini azaltdığını bildiriblər.
Hazırda dəniz akvatoriyasında seysmik monitorinq işləri gücləndirilmiş rejimdə davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






