Monqolustanda bir nəfərdə qarayara xəstəliyi aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Monqolustanın şimal-qərbində, Rusiya sərhədi yaxınlığında yerləşən Tes rayonunun sakinində təhlükəli qarayara xəstəliyinə yoluxma faktı rəsmən təsdiqlənib. Bu barədə məlumatı ölkənin Milli Zoonoz Yoluxucu Xəstəliklər Mərkəzi açıqlayıb.
Səhiyyə mütəxəssisləri yoluxmuş şəxsi dərhal xüsusi karantin rejiminə alıblar. Onun təmasda olduğu bütün insanların müayinə edilməsi, həmçinin ərazidə dezinfeksiya işlərinin aparılması üçün tədbirlər görməyə başlayıblar.
Bundan əvvəl Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Nəzarət Xidməti (“Rospotrebnadzor”) xəbərdarlıq etmişdi ki, xəstəliyə yoluxmuş heyvanların və qeyri-sağlam ölkələrdən gətirilən heyvandarlıq məhsullarının idxalı səbəbindən qarayara üzrə epidemioloji vəziyyətin kəskinləşməsi riskləri hələ də qalmaqdadır.
Rusiya və Monqolustanın sərhəd-keçid məntəqələrində və gömrük idarələrində sanitariya-karantin nəzarətinin gücləndirildiyi bildirilir.
Mütəxəssislər əhaliyə baytarlıq nəzarətindən keçməmiş ət və süd məhsullarını almamağı tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.az






