İspaniyada əyləci sıradan çıxan maşın yanacaqdoldurma məntəqəsinə soxulub.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İspaniyada yanacaqdoldurma məntəqəsində dəhşətli və qorxulu yol-nəqliyyat hadisəsi baş verib. İdarəetmədən çıxan minik avtomobili məntəqənin ərazisində dayanan üç nəfəri yüksək sürətlə vuraraq yerə çırpıb.
İlkin məlumatlara görə, ağır qəzaya nəqliyyat vasitəsinin əyləc sisteminin qəfildən sıradan çıxması səbəb olub. Şiddətli toqquşma anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən saniyəbəsaniyə qeydə alınıb.
Zərbənin olduqca güclü olmasına baxmayaraq, xoşbəxtlikdən hər üç piyada sağ qalıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Hazırda həkimlər onların müalicəsini davam etdirirlər. Yerli polis tərəfindən faktla bağlı təhqiqat başladılıb, qəzaya səbəb olan avtomobilin texniki vəziyyəti araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






