Moskvada məşhur opera ifaçısı German Yukavski sərxoş halda özünü körpüdən çaya atıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvada tanınmış opera müğənnisi German Yukavski güclü spirtli içkinin təsiri altında Krım körpüsündən (digər məlumatlara görə, Bolotnaya sahilindəki körpüdən) Moskva çayına tullanıb.
56 yaşlı sənətçi çayı üzərək keçmək və xəyalındakı “su səhnəsinə” çatmaq istədiyini bildirib. Çayda boğulmaq təhlükəsi ilə üzləşən ifaçı ərazidə fəaliyyət göstərən xilasedicilər tərəfindən dərhal sudan çıxarılaraq katerlə Qorki parkının körpüsünə gətirilib.
Sudan xilas edildikdən sonra German Yukavski özünü olduqca aqressiv aparıb, uca səslə qışqırmağa başlayıb və ona ilkin tibbi yardım göstərmək istəyən həkimləri kobud şəkildə itələyib. Sənətçinin qeyri-adekvat davranışlarına görə əraziyə xüsusi psixiatrik həkim briqadası çağırılıb.
Hadisə nəticəsində sənətçinin çiyin nahiyəsi zədələnib, qolunda və belində kəskin əziklər aşkarlanıb. Hazırda o, həkimlərin və psixiatrların ciddi nəzarəti altındadır.
Qeyd edək ki, German Yukavski B.A.Pokrovski adına Moskva Dövlət Akademik Kamera Musiqili Teatrının aparıcı solisti, həmçinin məşhur Qnesinlər adına Dövlət Musiqi Kollecinin müəllimidir. O, 2010-cu ildə Rusiyanın nüfuzlu “Qızıl Maska” teatr mükafatına namizəd göstərilib.
Xuraman Etibarlı
İnterpress.az






