Rusiya voleybolunun ulduzu Aleksey Spiridonov həyat yoldaşını bıçaqlamaqla hədələyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya voleybolunun keçmiş ulduzu Aleksey Spiridonov həyat yoldaşını rəsmi olaraq öldürməklə hədələyib. Məlumata görə, idmançı alkoqol asılılığına qarşı xüsusi tibbi prosedurdan keçsə də, yenidən içməyə başlayıb.
Bir il əvvəl idman karyerasını başa vuran voleybolçu ciddi şəkildə spirtli içki qəbul etməyə başlayıb. Bu günlərdə həyat yoldaşı onu içkidən uzaqlaşdırmaq məqsədilə xəstəxanaya yerləşdirsə də, bu müalicə heç bir kömək etməyib.
Spiridonov dözməyərək bu gün xanımına təhdid mesajı göndərib və onu bıçaqlayacağını bildirib.
Cütlüyün sabah boşanma prosesi ilə bağlı məhkəmə iclası planlaşdırılır. Aleksey Spiridonov məhkəmə binasının qarşısına gələrək həyat yoldaşını orada qətlə yetirəcəyini bəyan edib.
Bu, voleybolçunun alkoqolla bağlı törətdiyi ilk intizamsızlıq deyil. Belə ki, o, 2011-ci ildə sərxoşluğa görə altı ay müddətinə idmandan diskvalifikasiya edilib.
2017-ci ildə isə Rusiya Premyer Liqasında (RPL) “Spartak” və “Lokomotiv” matçından əvvəl stadionda qeyri-adekvat davranışlarına və sərxoş olmasına görə polis tərəfindən saxlanılmışdı.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






