Çelyabinskdə güclü qasırğa kilsənin günbəzini uçurub.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Çelyabinsk vilayətində tüğyan edən güclü qasırğa İsa Məsihin Miladı şərəfinə ucaldılmış kiçik pravoslav məbədinin günbəzini yerindən qopardaraq uçurub. Hadisə əlverişsiz və fırtınalı hava şəraiti zamanı baş verib.
Məbədin icmasından verilən məlumata görə, güclü küləyin təsirindən qopan günbəz yaxınlıqdakı əraziyə düşüb. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.
Kilsə icmasından bildirilib ki, məbədin zədələnmiş hissələri, o cümlədən tamamilə qopan qübbəsi yaxın günlərdə yerli sakinlərin dəstəyi ilə bərpa ediləcək.
Hazırda mütəxəssislər tərəfindən binanın ümumi strukturu yoxlanılır və bərpa işləri üçün lazımi layihə hazırlanır.
Çelyabinsk vilayətinin fövqəladə hallar idarəsi bölgədə fırtınalı hava şəraitinin davam edəcəyini bildirərək vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
Xuraman Etibarlı
İnterpress.az






