Belarusda тarkotiki “Çapıqlı üz” filmindəki Al Paçinonun şəklinə büküb keçirmək istəyən şəxs tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.
Belarusda gömrükçülər və hüquq-mühafizə orqanları olduqca qeyri-adi bir narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıblar. 31 yaşlı kişi marşrut avtobusu ilə Belarusa daxil olmaq istəyərkən onun çamadanında şübhəli dərman flakonu aşkar edilib.
Flakonun daxilində isə ağ rəngli toz bükümü tapılıb. Məlum olub ki, qaçaqmalçı 0,69 qram çəkisində olan kokaini məhz “Çapıqlı üz” (Scarface) filmindəki məşhur narkobaron “Toni Montana” obrazını canlandıran Al Paçinonun fotoşəklinə bükərək gizlətməyə çalışıb.
Kriminal ekspertizanın rəyinə görə, bükümdəki maddənin rəsmi olaraq kokain olduğu sübuta yetirilib. Narkotik qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi çərçivəsində şübhəli şəxs dərhal həbs olunub.
İndi məşhur film qəhrəmanına bənzəməyə çalışan bu şəxsi Belarus qanunvericiliyinə əsasən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






