Soçidə əsginasların üzərinə ordunu nüfuzdan salan şüarlar vuran 60 yaşlı kişi saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Soçi şəhərində kağız əsginasların (pulların) üzərinə Rusiya ordusunu nüfuzdan salan şüarlar və yazılar vuran 60 yaşlı yerli sakin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlumata görə, yaşlı kişi xüsusi yığılan möhür (ştamp) vasitəsilə mütəmadi olaraq dövlət pullarını korlayıb və sonradan həmin əsginasları fərqli bankomatlara daxil edib. O, bu fəaliyyətini mobil telefonla fotoşəkil şəklində qeydə alaraq, xaricdən idarə olunan teleqram kanallarından birinin administratoruna göndərib.
Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs özünü olduqca aqressiv aparıb, hakim heyətinə qarşı qeyri-etik davranışlar nümayiş etdirib.
Məhkəmənin qərarı ilə ordunu nüfuzdan salma və xuliqanlıq maddələri üzrə ona 50 min rubl (təxminən 1 152 manat) məbləğində pul cəriməsi və 10 sutka inzibati həbs cəzası kəsilib.
Hüquqşünaslar vətəndaşlara xatırladırlar ki, dövlət əsginaslarının üzərində hər hansı qeyri-qanuni siyasi şüarların yazılması və ya pulların qəsdən korlanması ciddi inzibati və cinayət məsuliyyəti yaradır.
Xuraman Etibarlı
İnterpress.az






