Türkiyədə həyat yoldaşını hədələyən kişi dəhşətli partlayış törədib.
İnterpress.az xəbər verir ki, bu barədə “Demirören Haber Ajansı” (DHA) məlumat yayıb.
Türkiyənin Konya şəhərində boşanma mərhələsində olduğu həyat yoldaşından qisas almaq və onu geri qaytarmaq məqsədilə evindəki təbii qaz borusunu kəsib. 17 nəfərin yaralanması ilə nəticələnən dəhşətli partlayış baş verib.
Partlayışı törədən 34 yaşlı Osman Ç.-nin məhkəməsi başlayıb. Hadisədən əvvəl o, evdən gedən həyat yoldaşına “Gəlməsən, evi də yandıracağam, özümü də” yazaraq hədə-qorxu gəlib.
Qısa müddət sonra mənzildə sızan qazın alovlanması nəticəsində güclü partlayış baş verib, 17 qonşu yaralanıb və dördmərtəbəli bina tamamilə dağılıb.
Konya 2-ci Asliyə Cəza Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxs “qaz borusunu qəsdən kəsmədiyini” iddia edərək özünü müdafiə etməyə çalışıb.
O, hadisə günü toydan sərxoş vəziyyətdə qayıtdığını, evdə yatdığını və yuxudan durub siqaret yandırmaq istəyərkən partlayışın baş verdiyini bildirib.
Sərxoş ər qaz borusunun xarab olan qabyuyan maşını təmir etmək üçün yerindən oynadarkən təsadüfən zədələnə biləcəyini iddia edib.
Lakin zərərçəkmiş qonşular məhkəmə zalında onun bu müdafiəsinə kəskin etiraz ediblər. Evləri başlarına uçan və dağıntılar altından xilasedicilər tərəfindən çıxarılan sakinlər cinayətkarın ən ağır şəkildə cəzalandırılmasını tələb ediblər.
Prokurorluq tərəfindən hazırlanan ittiham aktında Osman Ç. üçün “qəsdən sağlamlığa zərər vurma”, “ictimai təhlükəsizliyi qəsdən təhlükəyə atma” və “özgənin əmlakına zərər vurma” maddələri ilə 28 ildən 132 ilə qədər ağır həbs cəzası tələb olunur.
Məhkəmə heyəti onun həbs olunmadan mühakimə olunmasının davam etdirilməsinə qərar verərək növbəti məhkəmə iclasını təxirə salıb.

Xuraman Etibarlı
İnterpress.az






