Yaponiyanın şimal-şərqində 6,9 maqnitudalı güclü zəlzələ baş verib, sunami təhlükəsi elan olunub.
İnterpress.az xəbər verir ki, bu barədə “NHK” teleradio şirkəti məlumat yayıb.
Yaponiyanın şimal-şərqində, İvate prefekturasının sahillərində 6,9 maqnitudalı güclü zəlzələ qeydə alınıb.
Yaponiya Meteorologiya Agentliyinin (JMA) verdiyi rəsmi məlumata görə, güclü yeraltı təkanlardan sonra Sakit okean sahili ərazilərində, xüsusən də İvate prefekturasında kiçikmetrlik sunami təhlükəsi elan edilib. Zəlzələnin ocağı yerin 16 kilometr dərinliyində yerləşib.
Yeraltı təkanlar ölkənin paytaxtı Tokio da daxil olmaqla, bir çox yaxın bölgələrdə binaların təxminən bir dəqiqə ərzində güclü şəkildə silkələnməsinə səbəb olub. Hadisə nəticəsində ilkin olaraq ciddi dağıntılar və ya xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.
Dəmir yolu rəsmilərindən verilən məlumata görə, güclü zəlzələ sürətli “Şinkansen” qatarlarının hərəkətində elektrik enerjisinin qəfil kəsilməsi səbəbindən müvəqqəti gecikmələrə yol açıb.
Sahilyanı şəhərlərdə yaşayan sakinlərə dəniz sahilindən və çay mənsəblərindən uzaq durmaq, həmçinin təhlükəsizlik məqsədilə daha hündür ərazilərə sığınmaq barədə xəbərdarlıq edilib.
Hazırda seysmoloji xidmətlər və xilasetmə orqanları fəlakət bölgəsində monitorinqləri gücləndirilmiş rejimdə davam etdirirlər.
Xuraman Etibarlı
İnterpress.az






