Belarus Ukrayna ilə sərhədləri müvəqqəti açır.
İnterpress.az xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.
Belarus rəhbərliyi ukraynalıların ölkə sərhədini keçməsinə müvəqqəti icazə verəcək, lakin bu güzəşt yalnız meşələrdə göbələk və giləmeyvə yığılması mövsümü ilə məhdudlaşacaq.
Belarus Dövlət Sərhəd Komitəsindən verilən məlumata görə, bu addım uzunmüddətli mehriban qonşuluq ənənələrinə əsaslanır. Belarus tərəfi qonşu ölkə sakinlərinin Brest vilayətinin Stolin rayonunda yerləşən “Olman bataqlıqları” (Olmanskiye bolota) dövlət landşaft qoruğunun ərazisinə maneəsiz buraxılmasını təmin etməyə hazır olduğunu bəyan edib.
Ukraynalı göbələk və giləmeyvə yığanlar sərhədi Rivne vilayətinin Drozdın, Beryozovoye və Poznan kəndlərinin yaxınlığında yerləşən üç sadələşdirilmiş keçid məntəqəsi vasitəsilə keçə biləcəklər.
Sərhədi keçmək istəyən vətəndaşlar yerli sərhəd dəstəsinə müraciət edərək ərizə yazmalı və müvafiq rəsmi rüsumu ödəməlidirlər.
Giləmeyvə yığılmasına yalnız səhər saat 06:00-dan axşam 20:00-a qədər icazə verilir. Əgər sakinlərdən kimisə meşədə səbətini və ya qabını unudarsa, onun evə qayıdıb səbəti götürərək yenidən meşəyə qayıtmasına sadələşdirilmiş şərtlərlə imkan yaradılacaq.
Xuraman Etibarlı
İnterpress.az






