Kiyevdə həbsdə olan Kolomoyski barəsində Rusiyadan qiyabi 12 illik HƏBS QƏRARIbackend

Kiyevdə həbsdə olan Kolomoyski barəsində Rusiyadan qiyabi 12 illik HƏBS QƏRARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tatarstan məhkəməsi ukraynalı oliqarx İqor Kolomoyskini qiyabi olaraq 12 il həbsə məhkum edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiya Federasiyasının Tatarstan Respublikasının Almetyevsk Şəhər Məhkəməsi ukraynalı oliqarx İqor Kolomoyski barəsində qiyabi hökm oxuyub.

Rusiya Daxili İşlər Nazirliyindən (DİN) verilən rəsmi məlumata görə, oliqarx “Tatneft” şirkətinə məxsus 10 milyard rubl (təxminən 230 milyon 440 min manat) dəyərində neftin qanunsuz mənimsənilməsi və oğurlanması ittihamı ilə qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına görə, Kolomoyski və onun şərikləri 2006-2007-ci illərdə “Tatneft” şirkətinin Ukraynadakı törəmə müəssisələrinə boru kəmərləri ilə çatdırılan külli miqdarda xam nefti qeyri-qanuni yollarla mənimsəyiblər.

Qeyd edək ki, ukraynalı oliqarx hazırda Rusiyada terrorçuların və ekstremistlərin rəsmi siyahısına daxil edilib və onun barəsində beynəlxalq axtarış elan olunub.

O, eyni zamanda Ukraynanın özündə də dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilib və Kiyevdə istintaq təcridxanasında saxlanılır. Rusiyada çıxarılan bu hökm qiyabi xarakter daşıyır.

Xuraman Etibarlı

İnterpress.az